“DİM əməkdaşlarının bacarıqsızlığı və məsuliyyətsizliyi…” - Təhsil eksperti narazılıq etdi

  01 Avqust 2017    Oxunub : 1334
“DİM əməkdaşlarının bacarıqsızlığı və məsuliyyətsizliyi…” - Təhsil eksperti narazılıq etdi

“2017-2018-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanları başa çatıb. Bu il Dövlət İmtahan Mərkəzinin (DİM) həyata keçirdiyi qəbul prosesi sənəd qəbulundan imtahanlara, ondan da ixtisas seçiminə qədər hamısı bərbad vəziyyətdə oldu. Elektron xidmətlər göstərməsi tamamilə biabırçı, məsuliyyətsiz, 15 yaşlı uşağın 1997 - ci ildə ilk dəfə proqram təminatı hazırlaması səviyyəsində həyata keçirilib”.

AzVision.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O qeyd edib ki, hər mərhələdə DİM-də çalışanların qeyri peşəkar, məsuliyyətsiz olduğu ortaya çıxır:

“Qəbul imtahanlarının şərtinə görə 4 səhv 1 düzü ləğv edir, amma DİM təkcə bir həftə ərzində 4 səhv edib, amma heç kim bu səhvə görə nə işindən azad edilib, nə də ki, bir üzr istəyiblər. Elə bil ki, Azərbaycanda bunlar kefləri istədiyi kimi imtahan keçirəcəklər, dədələrinin obyektini işlədirmiş kimi vətəndaşa xidmət edəcəklər. Deməli, 29 iyulda çox çalışandan sonra ixtisas seçimi ərizəsini aktiv etdilər. Mən də bu sahənin inkişafı üçün çalışan, istəyən biri kimi proqram təminatının bərbad vəziyyətdə olduğunu gördüm, hətta bu barədə onlara məlumat verdim. Amma istər imtahan suallarından, istərsə də digər məsələlərdə səhvlərini heç vaxt qəbul etməyən DİM, israrla özünü müdafiə etdi. Halbuki məhz ciddi iradlardan sonra tarix fəndindən 1 test tapşırığının səhv olduğunu təstiq etdilər.

Mən 30 iyulda abituriyentlərin çoxunun ixtisas seçimini etdim. Ərizələrin birində BDU-nun Alman və Fransız dilləri üzrə filologiya ixtisaslarını qeyd etdim. Amma abituriyent 4 jurnalında qeyd var idi ki, bu ixtisasları ancaq həmən dilləri attestatlarında qeyd olunmuş abituriyentlər seçə bilər. Belə qadağan olunmuş ixtisasları seçəndə elektron ərizə qəbul etmir, qırmızı ilə xəbərdarlıq edir ki, sizin bu ixtisası seçmək hüququnuz yoxdu. Necə ki, hal hazırda elədir.

Mən də abituriyent həmən ixtisası istədiyi üçün həmən ixtisasın kodlarını daxil etdim. Amma sistem heç bir qadağan olmadan qəbul etdi. Düşündüm ki, bunlar yenədə əvvəlcədən müəyyən olunmuş şərtləri dəyişiblər. Elektron ərizəni təstiq etdim və çap etdim. Bu çap olunmuş və hüquqi sənəd olan elektron ərizədə göstərilir ki, ərizə təsdiq olunub və heç bir problem yoxdur. Amma ərizə qəbulundan 3 gün sonra DİM-in yadına düşüb. Həmin abituriyentin elektron ərizəsinə daxil olanda gördüm ki, həmin ixtisasları qırmızı ilə işarələrib onları seçmək hüququnun olmadığını yazıblar”.

K.Əsədov qeyd edib ki, DİM Abituriyent jurnalında da, rəsmi saytlarında da qeyd ediblər ki, ancaq müsabiqəyə təstiq olunmuş ərizələr buraxılır. O qeyd edib ki, əlində təstiq olunmuş ərizə var, amma orda heç bir problem yoxdur. “Bunu sizin rəsmi xidmətləriniz ilə etmişəm, sizin kimi kefindən fəaliyyət göstərmədən, ciddi şəkildə. Artıq DİM-in fəaliyyətinə heç bir inamım yoxdur. Çünki onlar işlərinin öhdəsindən gələ bilmirlər, qəbul prosesinə çox qeyri peşəkar, məsuliyyətsiz yanaşırlar. Qısa müddətdə neçə milyon manat vəsait qazanıblar, amma istər keçirilən buraxılış imtahanları, istər qəbul imtahanları heç qazanılan vəsaitin 10 faizi həmin də deyil. Mən onlardan daha ucuz və keyfiyyətli imtahan təşkil edib insanları razı salaram. Belə baha və keyfiyyətsiz imtahan prosesi təşkil etmək olmaz”.

Ekspert qeyd edib ki, əgər DİM işinin öhdəsindən gələ bilmirsə, ölkə prezidentinin sosial siyasətini, vətəndaşlarına müsbət xidmət etmək tələbini yerinə yetirilmirsə, ərizə yazıb işi daha peşəkara təhvil versinlər. “Mən vergi ödəmirəm ki, siz kefiniz istəyən kimi fəaliyyət göstərəsiz. Sizin Azərbaycan təhsilinə xidmətləriniz danılmazdır. Obyektiv, qərəzsiz, ədalətlə və şəffaf. Ən azından kasıbın savadlı övladı rahat şəkildə ali təhsil ala bilib. Kimsə qəbul prosesinə müdaxilə etməyib. Məncə elə belə müsbət notlarla getmək daha yaxşı olar. Yoxsa işə nəzarət yavaş yavaş pisləşir. Mən sizin düşməniniz deyiləm. İstəyirəm ki, qazandığınız pul müqabilində ortaya keyfiyyətli iş qoyasız. Əvvəlki illərdə olduğu kimi, səhvləriniz minimum olsun. Çünki bu il hər iki addımdan birində ciddi problemlər ortaya çıxıb.

Dost düzü deyəndir. Sizi sizə xoş gəlmək üçün tərifləyən adamlar sabah 2 burulka arağa və 300 manata sizi daha betər söyə bilər. Əlbəttə ki, qərəzli. İndi bu abituriyent neynəsin? Ərizəsini təsdiq edib, heç bir problem olmadan çap edib gedib xaricə istirahətə. Birdə 15 avqustda gələcək. Çünki o, DİM-ə inanıb. Əslində rəsmi sənədi var. Amma indi məlum olur ki, DİM əməkdaşlarının bacarıqsızlığı və məsuliyyətsizliyi ucbatından onun tələbə olmaq haqqı əlindən alınır. İndi o xaricdən vəsait xərcləyib gəlməlidir ki, elektron ərizəsini ləğv edib yenidən seçim etsin. Amma bu olmayacaq. Qazanan DİM itirən həm maddi, həm mənəvi həmdə fiziki vətəndaş olmamalıdır”.

Aytən Zəhra
AzVision.az

Teqlər: DİM   ekspert   imtahan