Ermənistanın bir əldə iki qarpız tutmaq istəyi - Deputat şərh edir

Ermənistanın bir əldə iki qarpız tutmaq istəyi - Deputat şərh edir
  03 Avqust 2017    Oxunub:2479
Xəbər verdiyimiz kimi, Ermənistan Gürcüstanda keçirilən “Layiqli tərəfdaş-2017" adlı NATO təlimlərində iştirak edir. Rusiyanın dominant olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Ermənistanın NATO ilə əməkdaşlığı genişləndirməsi bir əldə iki qarpız tutmağa bənzəyir. Yəni, bu ölkə Rusiya ilə müttəfiq olduğunu bildirsə də, əslində başqa siyasət yürüdür. Ermənistanın bu addımı hansı məqsədə xidmət edir?
Millət vəkili Sahib Alıyev hesab edir ki, Ermənistan bu addımı ilə həm Rusiyadan, həm də NATO-dan faydalanmaq niyətindədir: “Yəni, Ermənistan öz potensialı kənarında olsa belə, bu yolla havadarlarına dayanaraq işğalçılıq siyasətini, Qarabağda status-kvonun davam etdirilməsinə çalışır. Ümumiyyətlə, Ermənistanın tarixinə, gözümüzün önündə etdiklərinə nəzər saldıqda bu addım heç də təəəccüblü görünmür. Təəccüblü olan odur ki, Qərbdəki bir çox beynəlxalq strukturlar və dövlətlər Ermənistana tanıdıqları haqqı, vassalıq, forpostluq, işğalçılıq siyasətinə yanaşmada sərgilədkiləri mərhəmətli yanaşmanın heç yüzdən birini digərlərinə göstərmirlər. Bunun nə ilə bağlı olduğu da bəllidir. Çünki hər kəs Ermənistana alət kimi baxır. Məhz beynəlxalq müstəvidəki gərginlik, ədalətsizlik, hüquq normalarına əməl etməmək də bu baxışdan qaynaqlanır”.

Ermənistanın bir əldə iki qarpız tutma siyasətinə Rusiyanın səssiz qalması nə ilə bağlıdır?

Millət vəkili cavabında deyib: “Maraqlıdır ki, Rusiya Ermənistanın bu hərəkətlərinə dözümlü yanaşır. Ancaq, ən çox dözümlü yanaşan Rusiyanı rəqib, bəzən isə düşmən gözündə görənlərdir. Çox maraqlıdır ki, Rusiya və İranla az-çox əməkdaşlıq edənlərə qarşı həmin dövlətlərin yanaşması daha sərtdir, nəinki Rusiyaya vassalıq edən, İranla çox sıx, bəzənsə, qaranlıq əməkdaşlıq edən Ermənistana yanaşma. Ermənistana himayədar yanaşma var. Burada əsas məsələ hər kəsin Ermənistandan alət kimi istifadə edə biləcəyini düşünməsi, etməsi və buna çalşmasıdır”.

S.Alıyevin fikrincə, Ermənistan əslində bir dövlət olaraq şərti anlayışdır. Çünki, ABŞ-ın, Fransanın, Rusiyanın öz Ermənistanı var: “Sadəcə Rusiyanın Ermənistanın digərlərindən fərqi ondadır ki, Azərbaycan torpaqları içərisində mövcuddur. ABŞ və Fransanın Ermənistanları isə bu ölkələrdəki diasporlar şəkilində mövcuddur. Zaman-zaman bu dövlətlər Ermənistan deyilən bu şərti formatdan öz maraqları üçün bir-birinə və geosiyasi maraqları üçün istifadə ediblər. Bu, həm kəşfiyyat, həm də digər fəaliyyət növlərində olub. Bu gün də həmin maraqdan çıxış edirlər. Onlar erməni maraqlarından daha çox öz geosiyasi maraqlarından çıxış edirlər. Burada erməni faktoru sadəcə alət kimi istifadə olunur”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Sahib-Alıyev   Deputat  





Xəbər lenti