Kəlbəcər girovları Avropa Məhkəməsindən ədalət gözləyir

Kəlbəcər girovları Avropa Məhkəməsindən ədalət gözləyir
  04 Avqust 2017    Oxunub:3352
Xəbər verdiyimiz kimi, Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin işinə Avropa Məhkəməsində baxılacaq. Kəlbəcər girovlarını Avropa Məhkəməsində müdafiə edən vəkil Anar Bağırov mətbuata açıqlamasında bildirib ki, kommunikasiya başlayıbsa, iş tez bir zamanda qərarla nəticələnməlidir.
“Bu iş artıq məhkəmənin icraatındadır. Avropa Məhkəməsinin prosedurlarında ən çətin məsələ müraciətin icraata götürülməsidir. Çünki Avropa Məhkəməsinə edilən müraciətlərin tam əksəriyyəti heç icraata qəbul olunmur və ya bu müddət çox uzun çəkir. Avropa Məhkəməsində növbədə minlərlə müraciətlər var. Bu baxımdan kommunikasiyaya başlanması çox önəmli məsələdir.

Hesab edirik ki, əgər müraciət kommunikasiyaya qəbul olunursa, həmin iş üzrə qərarın qəbul olunma ehtimalı çox yüksəkdir. Ümid edirik ki, müraciətə qısa müddətdə baxılacaq”.

Vəkil Avropa Məhkəməsinin bu işlə bağlı ədalətli qərar qəbul edəcəyinə ümid etdiyini deyib.
“Hesab edirəm ki, məhkəmənin qəbul edəcəyi ədalətli qərarla soydaşlarımızın azadlığa çıxacağı və öz evlərinə qayıdacağı şansı yüksəkdir. Ancaq təbii ki, erməni tərəfi Avropa Məhkəməsinin qərarını icra etməkdən yayınmağa çalışa bilər. Əgər Ermənistan tərəfi məhkəmənin qərarını icra etməzsə, bunun da öz məsuliyyəti var. Avropa Məhkəməsinin qərarlarını icra etməməyə görə müəyyən mexanizmlər var ki, qərar icra edilməyəcəyi təqdirdə həmin mexanizm Ermənistana qarşı işə düşəcək”.

Kəlbəcər girovu Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov AzVision.az-a açıqlamasında Avropa Məhkəməsindən ədalətli qərar gözlədiklərini bildirib.

“Mart ayından bəri atam bizə məktub yazmır. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin sözlərinə görə, onlar tez-tez girovlara baş çəkirlər. Bildirirlər ki, atam məktub yazmaq istəmir. Bunun səbəbini bilmirik. Hər dəfə məktub yazan insan, indi niyə belə edir? Bəlkə də atamın səhhətində ciddi problemlər var. Çünki mart ayında atımın videosuna baxmışdıq. Videoda atamın stolun arxasında güclə əyləşdiyi görünür. O, başını güclə qaldırıb, deyirdi ki, “mən həminki dağlar oğlu Dilqəməm”. Ümidimiz Avropa Məhkəməsinə qalıb. İnanırıq ki, ədalətli qərar veriləcək, atam azadlığa çıxacaq”.

Girov Şahbaz Quliyevin qardaşı İlham Quliyev işə Avropa Məhkəməsində baxılması haqda mətbuatdan xəbər tutduğunu söyləyib.

“Bizə bu barədə heç kim məlumat verməyib. Dostlarım radioda bu xəbəri eşidən kimi mənə məlumat verdilər. Bizim tək dərdimiz Şahbazın və Dilqəmin azadlığa qovuşmasıdır. Onların girovluqdan azad edildiyi günü səbrsizliklə gözləyirik. İnanmaq istərdik ki, Avropa Məhkəməs ədalətli qərar verəcək”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Ermənistanın işğalı altında olan Azərbaycan ərazisi Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyevlə bağlı qanunsuz məhkəmə prosesi aparılıb. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: Kəlbəcər-girovları   Dilqəm   Şahbaz  





Xəbər lenti