6 günlük uşaq, 6 metrlik quyu, səhər saat 6… - Lənkərandakı cinayətdə SATANİZM izləri (ARAŞDIRMA)

6 günlük uşaq, 6 metrlik quyu, səhər saat 6… - Lənkərandakı cinayətdə SATANİZM izləri (ARAŞDIRMA)
  09 Avqust 2017    Oxunub:201497
Ötən ayın sonlarında Lənkəranda 6 günlük körpənin öldürülməsi bütün ölkədə ciddi rezonans yaratdı. Körpənin nənəsi Atifə Nuriyeva istintaqa verdiyi ifadəsində bildirib ki, hadisədən bir neçə saat əvvəl qadınlar “altıaxşamı” mərasimi keçirirmişlər. Bu mərasimə görə yeni doğulan körpənin ətrafına bıçaq, iynə, sancaq düzülür ki, cinlər körpəyə yaxın gəlməsin. Bundan başqa, həmin gecə körpəni cindən qorumaq üçün onun yanında böyük adam da qalır.

Həmin gecə 6 günlük Mələk Nurullayevanın yanında anası və nənəsi qalıb. Sübh tezdən ana körpəni yedizdirib, beşiyinə qoyub. Hadisə də bundan sonra, təxminən səhər saat 4-6 arasında baş verib. Oğlunun ikinci qızının doğulmasından narazı qalan nənə A.Nurullayeva iynələri və sancaqları körpənin bədəninə sancıb. "Düşündüm ki, hamı körpənin cinlər tərəfindən öldürüldüyünə inanacaq. Sonra bu fikrimdən daşındım. Fikirləşdim ki, birdən inanmazlar. Ona görə də, körpəni su quyusuna atdım",- deyə A.Nuriyeva istintaqa ifadəsində bildirib.
AzVision.az-ın əməkdaşı məsələni araşdırmaq üçün Lənkəranın Darquba kəndində olub. Bizimlə söhbət zamanı ailə üzvləri A.Nuriyevanın uşaqları çox sevdiyini, heç vaxt belə bir əməli törədə bilməyəcəyini vurğulayıblar. Mələk Nuriyevanın Dağıstandan gələn digər nənəsi Nüşabə xanımın işlətdiyi bir ifadə də diqqətimizdən yayınmayıb:



“- Həmin gecə nə baş vermişdi?

- Elə bil, bizi kimsə yatızdırdı. Bacımın da, mənim də yatdığımız otaqların pəncərəsi açıq olub. (Açıq pəncərələri bizə göstərir və oradan kiminsə içəri daxil ola biləcəyinə eyham vurur.) Elə istəyirdim ki, oyanım, amma oyana bilmirdim. Sanki sərxoş kimi idim. Gecə saat 2-3 arasında durduq, uşağa ana südü verdik. Yedirib, “kolyaska”ya qoyduq. Yatdım və bir də səhər 6 tamamda oyandım. Birdən evin gəlini yanıma gəldi və soruşdu ki, uşaq hanı? Gördüm, uşaq yoxdur. Dedim, bəlkə o biri nənəsi uşağı yanına aparıb. Getdik gördük ki, uşaq orada da yoxdur. Həyətə düşüb, evin hər tərəfini gəzdik. Elə bir yer qalmadı ki, baxmayaq. Birdən səs eşidik ki, qonşu gəlin quyunun ağzını açıb, qışqırır. Gedib gördük ki, uşaq quyunun içindədir. Yeni doğulan uşağı 40 gün şeytandan qorumaq lazımdır. Bəlkə də biz Mələyimizi şeytandan qoruya bilmədik”.

Hər kəs bu cinayətin arxasında bir sirrin dayandığına eyham vurur. Diqqət belə bir məqama yönəldilir ki, 6 günlük Mələk Nuriyevanın nənəsi tərəfindən ürəyinə iynə batırıldıqdan sonra məhz səhər saat 6-da 6 metrlik quyuya atılması (666 – İblis rəqəmi hesab olunur) şeytana qurban verilmə ritualı ola bilərdi.



İRŞAD İslam Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə elməri doktoru, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev AzVision.az-a müsahibəsində bildirib ki, körpənin ürəyinə iynə sancaraq öldürmək adəti satanistlərə məxsusdur:

- 2000-ci ilin əvvəlində Azərbaycanda 15-16 nəfər satanist vardı. Bəlkə də indi onların sayı artıb. Satanistlər ildə bir-iki dəfə elə qurbanlar verirlər: baş kəsirlər, ürəyə iynə batırırlar… Lənkəranda törədilən bu hadisə də satanizmin adətlərinə uyğun gəlir. Ola bilsin ki, həmin nənə də öz nəvəsini şeytana qurban verib. Cənub bölgəsində onlar ciddi şəkildə özlərinə yer ediblər. Dini sektalar daha çox məhz qadınları idarə edə bilirlər. Rusiyada “Yahova şahidləri”nin ofisi bağlanandan sonra onlar qonşu ölkələrə axışıblar.



- Hazırda Azərbaycanda nə qədər satanist ola bilər?

- Bakıda satanistlərin sayı minumum 45-50 nəfər olar. Bu, böyük qüvvə deməkdir. Bir aktiv satanist 1000 nəfər qeyri-aktiv müsəlmandan çox iş görür. Mənim gördüyüm qədərilə Azərbaycanda satanistlərə, ümumiyyətlə, qeyri-ənənəvi sektalara qarşı mübarizə zəifləyib. Ona görə də, özlərini çox rahat hiss edirlər. Ekstrim sevən şəxslər asanlıqla satanistlərə qoşulurlar. Çünki oradakı adətlərin 90 faizi ekstremaldır.
Satanistlər çox güclü maskalanırlar. Onların maskasını cırmaq hər adamın işi deyil. Əsasən gecə klublarında insanları torlarına sala bilirlər. Əvvəlcə kitab aldırırlar. Sonra onu oxuyursan. Daha sonra sənin telefonunu götürürlər… Və tədricən özlərinə qoşurlar.

- O vaxtlar Binəqədi rayonundakı 18 mərtəbəli binanın yandırılmasını da satanistlərlə əlaqələndirənlər olmuşdu...



- Onlar ildə bir dəfə şeytana qurban verirlər. Bu, evin yandırılması yolu ilə də ola bilər.

- Bakıda daha hansı dini sektalar var?

- “Yahova şahidləri”, “7-ci günün adventistləri” və bunlardan ayrılmış bəzi sektalar var. Biz onlara “totalitar sektalar” deyirik. Çünki insanın bütün fizioloji və bioloji mənliyini ələ alır, şüurunu idarə edirlər. Xüsusilə də qadınlara qarşı alçaldıcı hərəkətlər törədirlər. Ayaq öpdürürlər, 3-4 nəfərlə eyni vaxtda cinsi əlaqəyə girməyə məcbur edirlər… Amma o qadın yenə sektadan uzaqlaşmır, çünki şüurunu idarə edilər.



- Satanistlər Bakıda harada cəmləşirlər?

- Onlar daha çox Bakının kəndlərində olurlar. Şəhərin mərkəzindəki gecə klublarında cəmləşirlər. Daha çox “Nizami” kinoteartrının ətrafındakı gecə klublarında onlara rast gəlmək olar.
Onların əsas bazası Amerikadadır. Oradan Avropaya, sonar Rusiya və Ukraynaya gedirlər. Rusiyada Stavrapol ətrafında cəmləşiblər. Oradan da müxtəlif yollara başqa ölkələrə keçirlər.



- Ola bilərmi ki, onların hansısa ölkədə konkret sayda insanı şeytana qurban kimi bir öhdəlikləri var?
- Mümkündür.

Azərbaycanda “sələfi” cərəyanının imamı kimi tanınan Hacı Qamət Süleymanov AzVision.az-a bildirib ki, körpənin hansısa sektanının gizli ayininə görə öldürülməsi istisna deyil: “Şeytana ibadət edənlər ölkəmizdə var. Bəzi xristian sektantları da öz uşaqlarını şeytana qurban verirlər. İslam dini isə belə halları ən böyük günahlardan sayır və qətiyyətlə pisləyir”.



Dini Qurumlarla İşi üzrə Dövlət Komitəsinin Lənkəran nümyəndəsi Qağayı Məmmədov hadisənin məişət məsələsi olduğunu deyərək, açıqlama verməkdən imtina edib.
Azərbaycanda şiə təriqətinin tanınmış simalarından biri, “Məşədi Dadaş” məsciddin axundu Hacı Şahin isə bildirib ki, İslam dinində qız uşağının doğulması Allahın bir rəhməti kimi qəbul edilir:
“Qız uşaqlarını diri-diri basdırmaq İslamdan öncəki cahilliyyət dövrünün xüsusiyyəti idi. Peyğəmbər də bu hallarla qətiyyətlə mübarizə aparırıdı. Hətta Qurani-Kərimdə deyilir ki, Qiyamət günü həmin insanlardan uşaqlarını niyə diri-diri torpağa basdırdıqları soruşulacaq. Uşağın cinsinə görə öldürülüməsi həm cinayət, həm də günahdır”.









Hafiz Əhmədov
AzVision.az



Teqlər: #Lənkəran   #Darquba   #Satanizm  





Xəbər lenti