“Prezident Zakir Həsənova ciddi tapşırıqlar verib” - Ramaldanov

16:25   16 Avqust 2017    Oxunub: 11412
“Prezident Zakir Həsənova ciddi tapşırıqlar verib” - Ramaldanov

Xəbər verdiyimiz kimi, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Baş nazirin birinci müavini Yaqub Eyyubov və müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada mövcud olan vəziyyətlə yerində tanış olmaq məqsədilə ön xətdə yerləşən bölmələrdə olub. Düşmənlə qarşıdurma xəttindəki bölmələrdə hərbi quluqçularla görüşən rəhbər heyətə döyüş şəraiti barədə məruzə edilib.

Baş Nazirin birinci müavini və Müdafiə naziri şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı, onların qidalanması, əsgər yataqxanaları, sosial-məişət şəraiti və digər hərbi obyektlərlə tanış olublar.

Səfəri AzVision.az-a şərh edən ehtiyatda olan polkovnik, uğurlu Horadiz əməliyyatının komandiri Şair Ramaldanov bildirib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov başda olmaqla nazirliyin rəhbər heyəti mütəmadi şəkildə cəbhə bölgəsində olur, oradakı vəziyyətlə tanış olurlar.

“Aprel döyüşlərindən sonra Ermənistan konstruktiv danışıqlardan uzaqlaşıb. Düşmən ölkənin həm hərbi, həm də siyasi rəhbərliyi daim Azərbaycanı hansısa aqressiyada günahlandırır. Onlar bununla özlərinin təxribatçı əməllərini ört-basdır etməyə çalışırlar. Hesab edirəm ki, son zamanlar Ermənistan tərəfinin Dağlıq Qarabağa münasibətdə səsləndirdiyi ifadələrdə daha çox müharibə qoxusu var. Ermənistan əvvəllər sülhlə bağlı addımlar atmaq niyyətini ortaya qoyurdusa, aprel hadisələrindən sonra iç üzlərini göstərdilər və aqressiv xüsusiyyətlərini büruzə verdilər. Düşmən bununla da bəyan etmiş oldu ki, Ermənistan konstruktiv danışıqlara hazır deyil”.

Ş.Ramaldanov vurğulayıb ki, işğalçı Ermənistanın sonu görünməkdədir: “Bununla bağlı Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev öz sözünü deyib. Beynəlxalq aləmə də, işğalçı Ermənistana da bildirib ki, əgər Ermənistan konstruktiv mövqe tutmasa, Azərbaycanın müharibədən başqa yolu olmayacaq. Yəni, bu vəziyyətdə Azərbaycan güc yolunu seçmiş olur. Bununla bağlı Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müdafiə nazirinə ciddi tapşırıqlar verib. Bu tapşırıqlara əsasən hərbi hissələrimiz döyüş fəaliyyətini daim artırır, təkmilləşdirir. Eyni zamanda ordumuz üçün müasir silahlar alınır. Bu, onun üçün edilir ki, ordumuz Ali Baş Komandanın tarixi əmrini qısa zamanda həyata keçirə bilsin. Bu səbəbdən Müdafiə Nazirliyinin rəhbərliyi daim hərbi hissələrdə olaraq, vəziyyətlə yerindəcə tanış olur, göstərişlər verir. Bu addımlar təmas xəttinin müdafiəsini gücləndirir. Eyni zamanda bu səfərlər əsas əmri yerinə yetirmək üçün hərbi hissələri yüksək döyüş vəziyyətində saxlamaq və yüksəltmək üçündür. Bunun üçün yerində tapşırıqların verilməsi vacibdir”.

Ehtiyatda olan polkovnik qeyd edib ki, ordunun döyüş hazırlığını yüksəltmək üçün Müdafiə Nazirliyinin rəhbərliyi daim hərbi hissələrdə, birləşmələrdə olur: “Son zamanlar ordumuz düşmənin diversiya qruplarının fəaliyyətinin qarşısını alıb. Düşmən quruda yox, pilotsuz uçuş aparatları vasitəsilə təxribatlar törətməyə cəhd göstərir. Hərbçilərimiz həm quruda, həm də havada düşmənə başa salır ki, bizimlə güc formasında danışmaq olmaz. Hesab edirəm ki, bu gün Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əsas tarixi əmrini yerinə yetirməyə qadirdir. Biz bilirik ki, qarşımızda hiyləgər düşmən var. Ona görə də daim döyüş hazırlığını yüksək səviyyədə saxlamaq lazımdır. Bu, gələcək döyüşlərdə düşmənə qısa zamanda qalib gəlməyə şərait yaradacaq”.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: Zakir-Həsənov   Müdafiə-Nazirliyi   Ramaldanov    




Rubrikanın digər yazıları