DİM-in “sabun köpüyü” ittihamına ekspertdən cavab

DİM-in “sabun köpüyü” ittihamına ekspertdən cavab
  17 Avqust 2017    Oxunub:3232
“TQDK (DİM) - nin Azərbaycan təhsilindəki rolu danılmazdır. Hamı bilir ki, 1992-ci ildən bəri ölkədə vətəndaşların öz bilik və bacarıqlarını nümayiş etdirib ali təhsil müəssisələrinə, orta ixtisas təhsili müəssisələrinə qəbul olmasında heç bir problem yoxdur. Azərbaycanda keçirilən qəbul imtahanı öz məzmun və texnoloji imkanlarına görə dünyada qəbul olunmuş imtahan hesab olunur. Lakin buna baxmayaraq, 2017-ci ildə əvvəlki illərdən fərqli olaraq, texniki, elektron xidmətlərində bəzi qüsurlar ortaya çıxdı”
Bu barədə AzVision.az-a təhsil eksperti Kamran Əsədov Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ekspertlərin sərt tənqid edilməsinə münasibət bildirərkən deyib.

K.Əsədov vurğulayıb ki, DİM-in ekspert, mütəxəss adlandırdığı 3 müəllim 5 gün ərzində bunker adlanan yerdə kitabların əhatəsində 25 sual seçir, onların da içində səhvlər olur, amma özü başqasında səhv axtarır.

“Dost düzü üzə deyər ki, o yaxşı olsun. Gedib özlərinin fəaliyyətində çatışmazlıqları aradan qaldırılmaq yerinə, günahı başqasında axtarırlar. DİM sədri bildirib ki, bizlər niyə pullu xidmət göstəririk? Necə olur ki, onlar 3 manatlıq imtahanı 40 manata keçirə bilir, biz qiymətli vaxtımızı ayırıb xidmət haqqı almayaq? Mən Vergilər Nazirliyindən təhsil xidmətinin göstərilməsi ilə bağlı qeydiyyatdan keçmişəm. Amma buna baxmayaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş, əlil olmuş, məcburi köçkünlər, imkansız şəxsləri təmannasız olaraq ali məktəblərə hazırlaşdırır, onlara ixtisas seçimi zamanı pulsuz məsləhət veririk. DİM sədri iddia edir ki, biz onların nəşr etdiyi vəsaitlərdə olan informasiyanı paylaşırıq. Nəzərinə çatdırmaq istəyirəm ki, mülkiyyət hüququ və digər qanunvericilik aktlarına əsasən məhsulun qiymətini ödəyəndən sonra məhsulu alan onun tam mülkiyyətçisinə çevrilir. Bundan əlavə, ölkə prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, vətəndaşlara elektron xidmətlərin göstərilməsi inkişaf etdirilməlidir. Bizdə ölkə prezidentinin siyasətini dəstəkləyib heç bir kommersiya məqsədləri olmadan çətin qəbul imtahanları ilə bağlı vacib məlumatları vətəndaşların nəzərinə çatdırmaqla əslində DİM-in fəaliyyətinə kömək edirik”.

Ekspert qeyd edib ki, DİM sədrinin səsləndirdiyi fikirlər dövlət qulluqçusunun etik davranış qaydalarına ziddir.

“Səslənən fikirlər birbaşa təhsillə məşğul olan şəxslərin işgüzar fəaliyyətinə, şərəf və ləyaqətinə yönəlmiş Cinayət Məcəlləsinin müvafiq maddələrinə tövsiyə olunan sözlərdir. Son bir ay müddətində göstərdiyi qüsurlu xidmətləri onlara dost kimi deyəni niyə bu ifadə ilə adlandırıb? Düşünürəm ki, DİM rəhbərliyi digər şəxsləri bilmirəm, amma dövlətinə, prezidentinə sadiq olan, daim təhsilin inkişafına çalışan, bununla bağlı təkliflər verən şəxsdən üzr istəməlidir. Hesab edirəm ki, bu ifadə mənə eks-təhsil naziri, hörmətli akademik Misir Müəllimin son sözlərini xatırlatdı. Dünyada tanınmış şirkətlər fəaliyyətlərini daha yüksək səviyyədə təşkil etmək üçün onların fəaliyyətində çatışmazlığı göstərənə mükafat verdiyi halda, bizdə isə öz qüsurları qalıb, təhqir edirlər. Onların vətəndaşlara verməli olduğu cavabı biz veririk. Qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu, ixtisas seçimi çox qəlizdir. İnsanlar bundan narahat olurlar. Biz onlara kömək edəndə pis oluruq, siz qüsurlu xidmət göstərəndə, elektron xidmətlərinizdə çatışmazlıqlar olanda yaxşı? Atalar sözümüz var: öz gözündə tiri görmür, başqalarının gözündə çöp axtarır”.

Qeyd edək ki, DİM abituriyentlərə kömək məqsədi ilə nəşr etdiyi müxtəlif materialları öz səhifələrində paylaşmaqla, Mərkəzin adından süni şəkildə istifadə edən ekspertləri “sabun köpüyü kimi şişmiş ekspertlər” deyə adlandırıb.

“Həmin şəxslər ixtisas seçiminin həyata keçirilməsi üçün abituriyentlərə müxtəlif çağırışlar edirlər. Bu insanların toruna düşmüş abituriyentlər sonradan seçimlərinin dəyişdirilməsi ilə bağlı DİM-ə müraciətlər edirlər. Çünki bu iş həmin “ekspert”lər tərəfindən abituriyentin və onun valideynlərinin fikri nəzərə alınmadan “tələm-tələsik”, “yola vermək” və yalnız müəyyən maddi məqsədlərlə edilir"-deyə DİM-in məlumatında bildirilib.

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM   Kamran-Əsədov   Ekspert  





Xəbər lenti