"Sovetski"-də xüsusi işıqforlar quraşdırılıb - Video

14:27   21 Avqust 2017    Oxunub: 458
"Sovetski"-də xüsusi işıqforlar quraşdırılıb - Video

Bakının yeni yol infrastrukturu ilə bağlı videotəlimat yayılıb.

Bakı Nəqliyyat Agentliyindən AzVision.az-a verilən məlumata görə, təlimat N.Nərimanov prospekti və A.Şaiq küçəsini əhatə edir. Qeyd edək ki, “Sovetski” layihəsi çərçivəsində salınan yeni yollarda 251 ədəd müxtəlif təyinatlı yol nişanı quraşdırılıb. Nişanlanma və yol-cizgi xətlərinin çəkilməsi şəhərin inkişaf edən simasına uyğun olaraq daha müasir tərtibatda həyata keçirilib. Yeni salınan yollarda hərəkət istiqamətlərini bildirən məlumat lövhələri qoyulub. Sözügedən ərazidə 17 ədəd piyada keçidi salınıb. Paytaxtın digər küçə və prospektlərindən fərqli olaraq, burada işıqforlarla nizamlanan piyada keçidləri xüsusi qırıq xətlərlə nişanlanıb.

Paytaxtımızda xarici turistlərin olduğunu nəzərə alaraq, bu məlumatlar ingilis dilində də qeyd edilib. Hərəkətin təhlükəsizliyi nəzərə alınaraq, işıqfor dirəklərində də 3 dildə (Azərbaycan, rus və ingilis) xəbərdaredici məlumat lövhələri quraşdırılıb.

Fiziki imkanları məhdud və uşaq arabası ilə olan şəxslərin də rahat hərəkət etməsi üçün piyada keçidlərində 34 ədəd pandus qoyulub. İlk dəfə olaraq, məhz burada bəzi piyada keçidlərində yalnız sarı xəbərdaredici işığı olan işıqfor quraşdırılıb. Ümumilikdə ərazidə 44 ədəd işıqfor obyekti quraşdırılıb. Bu işıqforların 8-i xüsusi sensorla təchiz edilib. Belə işıqforlar, eyni zamanda, görmə qabiliyyəti məhdud olan şəxslərin yolu təhlükəsiz keçməsi üçün nəzərdə tutulub. Piyada əllə sensorlu qurğuya toxunduqdan sonra işıqforu piyada keçidi rejiminə keçirə bilər.

“Sovetski” layihəsi çərçivəsində salınan yeni yollarda 8 ədəd avtobus dayanacaq pavilyonu da qoyulub. Bu dayanacaqdakı məlumat lövhələri də yeni tərtibatda dizayn edilib. Lövhədə dayanacaq məntəqəsinin ünvanı, oradan keçən marşrut xətləri ilə bağlı məlumatlar öz əksini tapıb.



AzVision.az

Teqlər: BNA    




Rubrikanın digər yazıları