6 ayda 8884,1 litr qan tədarük edilib

  22 Avqust 2017    Oxunub : 282
6 ayda 8884,1 litr qan tədarük edilib

Bu ilin ilk 6 ayı ərzində ölkə üzrə keçirilən qanvermə aksiyalarında 18884,1 litr qan tədarük edilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən mlumata görə, keçirilən 177 qanvermə aksiyasında 39756 nəfər donor iştirak edib. Donor qanın əksər hissəsi Mərkəzi Qan Bankında, Milli Onkologiya Mərkəzində, MQB Gəncə Bölməsində və Kliniki Tibbi Mərkəzdə toplanılıb.

Tədarük olunan qan və komponentlərindən hemofiliyalı və talassemiyalı xəstələrə, həmçinin, qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə olunacaq. Nəzərə almaq lazımdır ki, qan vermək üçün aşağı yaş həddi 18, yuxarı yaş həddi isə 65 olmalıdır. Lakin bəzi hallarda donorun yol verilən yaşı barədə qərarı (50 yaşdan yuxarı) konkret halda həkim qəbul edir.

Qan verməmişdən 72 saat əvvəl aspirin, analgin, no-şpa və s. kimi qanı durulaşdıran dərmanları qəbul etmək olmaz. Siqaret çəkməkdən çəkinmək məsləhət görülür (siqaretçəkmə donorluq üçün əks-göstəriş deyil, lakin həkimlər qan verməzdən bir saat əvvəl və bir saat sonra siqaret çəkməyi məsləhət görmürlər. Çünki qana düşən nikotinin zəhərli təsiri pasiyentlər üçün, xüsusən yeni doğulan körpələr üçün təhlükəlidir. Həmçinin bu, donorun əhvalına pis təsir edə bilər).

Qan verməzdən əvvəl içilən 2 stəkan şirə və ya su qan verdikdən sonra yaxşı əhval-ruhiyyəni təmin etmiş olur. Qan verdikdən sonra dərhal ayağa qalxmaq məsləhət görülmür, 10-15 dəqiqə ərzində sakitcə əyləşin.

Çoxsaylı tədqiqatlarla sübut olunub ki, 400-450 ml qan və ya 500 ml plazma götürmək sağlam insanın səhhətinə və əmək qabiliyyətinə mənfi təsir etmir. Əksinə, təkrar qanvermə qanda şəkərin, zərərli lipoproteinin, qan təzyiqinin, ürək döyüntüsünün azalmasına kömək edir, ürək xəstəlikləri riskini azaldır. Donorun orqanizmi qan və qan komponentlərinin qalıqlarının çıxarılması hesabına daim öz-özünə yeniləşir. Bu isə ürək və damar, immun sistemi, həzm pozğunluqları, qaraciyər və mədəaltı vəzi xəstəliklərinin profilaktikası deməkdir.

Aytən Zəhra
AzVision.az

Teqlər: Qanvermə