Məmmədyarov yeni səfiri qəbul edib

Məmmədyarov yeni səfiri qəbul edib
  22 Avqust 2017    Oxunub:1271
Xarici işlər naziri Elmar Məmmədyarov İtaliya Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Auqusto Massarini qəbul edib
XİN-nin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi. Nazir Elmar Məmmədyarov Auqusto Massarini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Səfir Auqusto Massarini iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğuladı. O, həmçinin, TAP layihəsinin İtaliya ərazisində tikintisi ilə bağlı görülən işlərin son vəziyyətinə dair nazir Elmar Məmmədyarova məlumat verdi.

Görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olundu, xüsusilə siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edildi. İki ölkə arasında mədəniyyət, turizm, nəqliyyat, kənd təsərrüfatı, humanitar, əczaçılıq və tibb sahələrində əməkdaşlıq üçün əlverişli imkanların mövcudluğu vurğulandı.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AzVision.az


Teqlər: XİN   İtaliya  





Xəbər lenti