600-dən çox bal toplayan 4 nəfər II turdan imtina edib
Bu barədə AzVision.az-a təhsil eksperti Kamran Əsədov "Abituriyent-9" jurnalına əsasən bildirib. Onun sözlərinə görə, III və IV ixtisas qrupları üzrə imtahan verən həmin abituriyentlər xaricdə təhsil ala bilərlər.
Təhsil eksperti qeyd edib ki, 500-dən çox bal toplayan az sayda abituriyent II turda ixtisas seçimi edib: “Bütün qruplar üzrə 500-dən yuxarı bal toplayan 33 nəfərdən yalnız 4-ü ixtisas seçimi edib. Müəyyən ixtisaslar üzrə müsabiqə vəziyyəti I turda aşağı idisə, II turda müsabiqə vəziyyəti artıb.
Məsələn, I turda 200 balla qəbulu mümkün olan ixtisasın II turdan sonra müsabiqə vəziyyəti 400-dən çox olub. Qruplar üzrə ən yüksək müsabiqə vəziyyəti III və IV qruplarda qeydə alınıb. Ən aşağı müsabiqə vəziyyəti isə II və I qrupda olub. Məsələn, II qrupda keçən il 600 balla qəbulu mümkün olan ixtisasa bu il 200-250 balla qəbul mümkün idi. Burada isə təhsil haqları faktoru özünü göstərir”.
K.Əsədov qeyd edib ki, ali məktəblərə ixtisas seçiminin II turunda rus bölməsində plan yerlərinin əksəriyyəti boş qalıb.
“Burada müsabiqə vəziyyəti aşağı olub. Rus bölməsi üzrə II turda ən yüksək göstərici 386 balla qeydə alınıb. Azərbaycan bölməsində isə qəbulda ən yüksək bal 520-dir. Ondan yuxarı toplayan və qəbul olmayan abituriyentlər II turda ixtisas seçimi etməyiblər”.
Aytən Zəhra
AzVision.az
Teqlər: Abituriyent