Prezident “Qarabağ” klubunun heyətini qəbul edib - Yenilənib (FOTOLAR)

Prezident “Qarabağ” klubunun heyətini qəbul edib - Yenilənib (FOTOLAR)
  24 Avqust 2017    Oxunub:15247
Prezident İlham Əliyev UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn Ağdamın “Qarabağ” futbol klubunun heyətini qəbul edib.AzVision.az-ın məlumatına görə, prezident İlham Əliyev tarixi qələbə münasibətilə təbriklərini çatdırıb.
"Dünən ölkəmizin futbol tarixinin yeni səhifəsi açılıb. “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdır. Bu tarixi qələbə münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm. Siz Azərbaycan xalqına qələbə sevinci bəxş etdiniz. Siz gərgin mübarizədə bir daha göstərdiniz ki, Azərbaycan idmançısı, Azərbaycan vətəndaşı öz xalqına, dövlətinə bağlıdır, güclüdür, peşəkardır və ölkəmizi beynəlxalq müstəvidə ləyaqətlə təmsil edir", - deyə dövlət başçısı bildirib.

Prezident dünənki qələbənin təsadüfi olmadığını qeyd edib: "Siz bu qələbəyə doğru neçə ildir ki, gedirdiniz. Həm daxili çempionatda bir neçə dəfə çempion olmusunuz, neçə il Avropa Liqasının qrup mərhələsində iştirak etmisiniz. Mən sizinlə əvvəlki görüşümü xatırlayıram. O vaxt hakimin ədalətsizliyi ucbatından siz qələbədən məhrum edilmişdiniz. Onu da xatırlayıram ki, - o vaxt da mən bunu qeyd etdim, - ədalətsizliyə baxmayaraq, özünüzü çox ləyaqətlə, təmkinlə aparmısınız və ədalət öz yerini tapdı. Siz bu gərgin, çox açıq, ədalətli mübarizədə sübut etdiniz ki, Azərbaycan futbolu inkişaf edir və böyük qələbələr qazana bilər. Ona görə sizin qələbəniz təbiidir və ədalətlidir.

Mən bu münasibətlə, ilk növbədə, klubun rəhbərliyini təbrik etmək istəyirəm, xüsusilə, klubun rəhbəri Tahir Gözəli. Mən bilirəm ki, Tahir bu məsələyə çox böyük sevgi ilə, ürəklə yanaşır. Bəlkə də bu gün ən çox sevinən elə Tahirdir. Səni təbrik edirəm, Tahir. Sənin bütün köməkçilərini, mütəxəssisləri təbrik edirəm. Komandanın baş məşqçisi Qurban Qurbanovu təbrik edirəm. Qurban Qurbanov özünü futbolda həm peşəkar futbolçu, həm bilikli məşqçi, həm də vətənpərvər insan kimi təsdiqlədi.

Eyni zamanda, - yəqin ki, tamaşaçılar da mənim fikrimə şərik olarlar, - Qurban Qurbanov özünü oyunlar zamanı çox ləyaqətlə aparır. Əminəm ki, onun davranışı, əminliyi və təmkinliyi futbolçulara da əlavə güc verir. Əlbəttə ki, futbolçuları təbrik etmək istəyirəm. Çünki bu qələbəni futbolçular qazanıblar. Futbolçu olmaq, idmançı olmaq çox böyük zəhmət, fədakarlıq tələb edir. Futbolçular, əfsuslar olsun ki, gənc yaşlarından zədələrlə üzləşirlər, əməliyyat olunurlar. Ağır işdir, ağır peşədir. Futbolçular göstəriblər ki, onlar böyük qələbələr qazanmağa qadirdirlər".

“Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl çıxış edərək qəbula və dəstəyə görə prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Daha sonra “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov çıxış edib.

"Cənab Prezident, mən də Sizi bütün komandanın adından salamlayıram. Çox şadıq ki, bu komanda ilə, bu kollektivlə ikinci dəfə Sizin görüşünüzdə olduq, bizi buraya dəvət etdiniz.

Həqiqətən keçən ilin aprel döyüşlərindən sonra bu komandada əlavə bir ruh yarandı. Bizim bütün legionerlərimiz bir daha Qarabağı daha yaxından tanıdılar. Bu, həqiqətən futbolçular üçün böyük ruh yüksəkliyi oldu. Onlar bizim azərbaycanlıların, bizim dövlətimizin mərdliyini gördülər. Düşünürəm ki, bu, bizim builki uğurlarımızda çox böyük bir addım oldu. Bizim üzərimizə düşən budur. Əsgərlərimiz gedib cəbhədə bizi qoruyurlar. Bizim üzərimizə düşən vəzifə onlarınkından daha asandır. Biz də çalışırıq ki, öz vəzifəmizi ləyaqətlə yerinə yetirək.

Əlbəttə, qeyd etdiyiniz kimi, idmanın demək olar bütün növlərində bizim uğurlarımız var idi. Biz nə qədər desəydik ki, Avroliqada oynayırıq, bu, az idi. Amma Çempionlar Liqasının bu turniri çox böyük turnirdir. Dünyanın ən güclü komandaları bu turnirdə iştirak edirlər. Onların hər birinin Bakıya gəlmək şansı var. Mən çox şadam ki, Siz futbola, ümumiyyətlə, idmana bu cür dəstək göstərirsiniz. İstəyirsiniz ki, bizim futbolumuz daha da inkişaf etsin. O klubların buraya gəlməsinə və belə bir böyük turnirdə Azərbaycanın adının çəkilməsinə görə çox şadam. Azarkeşlərimiz, bütün qarabağlılar, köçkünlərimiz - dünən şəhərdə hər şey o dərəcədə idi ki, bu, bizim məsuliyyətimizi daha da artırdı. Düşünürəm ki, biz bundan sonra daha çox çalışmalıyıq, daha məsuliyyətli olmalıyıq. Biz bacardığımız qədər, hətta bacardığımızdan da artıq çalışacağıq ki, başda Siz olmaqla futbolumuz ildən-ilə daha da irəli getsin. Bir daha Sizə təşəkkür edirəm. Hər şeyə görə çox sağ olun", - deyə Q. Qurbanov vurğulayıb.

“Qarabağ” komandasının kapitanı Rəşad Sadıqov da göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq edib.

Sonra Tahir Gözəl "Qarabağ"ın üzərində Çempionlar Liqasının loqosu olan "10" nömrəli formasını və Çempionlar Liqasının imzalanmış topunu dövlət başçısına təqdim edib.

AzVision.az

Qalereya




Teqlər: İlham-Əliyev   Prezident   QarabağFK  





Xəbər lenti