Birinci Xanım: PORTRET cizgiləri

Birinci Xanım: PORTRET cizgiləri
  26 Avqust 2017    Oxunub:11562
Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ad gününü qeyd edir. O, istər Azərbaycanın ən yeni tarixindəki roluna, istərsə də cəmiyyətin ictimai şüurunda tutduğu yerinə görə olduqca fərqli bir şəxsiyyətdir. O, sadəcə Birinci Xanım deyil, çünki əksər hallarda bu status taleyin bir hədiyyəsi də sayıla bilər. Mehriban Əliyevanın birinci xanımlığı isə heç vaxt yalnızca Dövlət Başçısının həyat yoldaşı olmağı ilə müəyyənləşməyib.
O, əvvəla, Azərbaycanda Birinci Xanımlıq institutunu boş yerdə, sıfırdan formalaşdırdı. Bu, əslində tarixi missiya idi. Çünki Mehriban Əliyevanın Azərbaycanın özünəməxsus - nə sırf Şərq, nə də sırf Qərb modellərini təkrarlamayan Birinci Xanım obrazını yaratması tələb olunurdu. Elə obraz ki, hər bir insan tərəddüdsüz qəbul etsin: “Bəli, Azərbaycanın birinci xanımı məhz belə olmalıdır”.

Birinci xanım da Prezident kimi dövlətin simasıdır, ancaq bir qədər başqa bucaqdan görünən siması. Əgər dövlətin başçısı güc və iradə mərkəzidirsə, birinci xanım gözəllik və zəriflik mərkəzi olmalıdır. Bu sima hakimiyyət fəlsəfəsinin humanizm, sadə vətəndaşa qayğı kimi dəyərlərini əks etdirir. Obrazlı desək, dövlət başçılarının imicində bir ata zəhmi də olmalıdırsa, birinci xanımda da ana mərhəməti və qayğıkeşliyi görülməlidir.

Mehriban xanım bu tarixi missiyanın öhdəsindən gəldi: Azərbaycanda özünəməxsus, fərqli birinci xanım obrazını və birinci xanımlıq institutunu yaratdı. Siyasi və ictimai fəaliyyətilə göstərdi ki, Azərbaycanın Birinci Xanımı necə olmalıdır.

Bundan əlavə, Mehriban Əliyeva yeni dünyanın Azərbaycan xanımları üçün bir model yaratdı: Həm çox müasir, həm milli adətlərə bağlı; həm çox savadlı, həm adi insanlarla danışıb, onları anlayacaq qədər sadə; həm gözəl, həm ciddi; həm böyük nüfuza malik, həm də təvazökar... İdeal halda Azərbaycan qadını yəqin ki, belə olmalıdır və Mehriban xanım öz obrazı ilə bu idealı cəmiyyətə təqdim edir.

Onun ictimai və siyasi fəaliyyəti cəmiyyətin şüurdakı bu obrazını ildən-ildə daha da möhkəmləndirirdi. Birinci xanım istər Heydər Əliyev Fondunun prezidenti, istərsə də millət vəkili kimi olduqca böyük sevgi və sayğı qazanmışdı. Səbəb sadədir: Ölkədə yüzminlərlə insan əmindir ki, hansısa problemlə üzləşəndə hətta əlləri hər yerdən üzüləndə belə, sonuncu ümidləri, daha bir şansları həmişə var və bu şans “Mehriban xanım” adlanır. Bu cür səmimi inamı heç bir təbliğatla, PR ilə formalaşdıra biməzsən; bu inam illərdir ki görülən və hələ də görülməkdə davam edən böyük işin nəticəsdir. Yalnız bu səbəbdəndir ki, insanlar onu qayğı, mərhəmət simvolu kimi qəbul edirlər.

Siyasi karyerasının yüksəlişi və Azərbaycanın birinci vitse-prezidenti vəzifəsinə layiq görülməsi bir tərəfdən Mehriban xanıma bütün bu işləri üstün səviyyədə - dövlət miqyasında görmək üçün imkan yaradırdı. Digər tərəfdən isə, bu cür bir ictimai-siyasi xadimin dövlət idarəçiliyində yer tutması ölkə üçün böyük bir qazanc idi. Bununla bağlı Milli Məclisdə etdiyi sonuncu çıxışında Mehriban xanımın özü belə demişdi: “Vəzifəmdən, fəaliyyətimin istiqamətindən asılı olmayaraq mən həyatda sadə prinsiplərə arxalanmışam. Çalışmışam heç zaman unutmayım ki, vicdan və ləyaqət, mərhəmət və xoş niyyət, ədalət və qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir. Mənə inanan hər bir insanı bu yüksək tribunadan əmin etmək istərdim ki, gələcək fəaliyyətimdə də mənəvi dəyərləri üstün tutacağam. Azərbaycanın müstəqilliyinin qorunması, ölkəmizin hərtərəfli inkişafı üçün tam gücümlə çalışacağam”.

Mehriban Əliyevanın birinci vitse-prezident kimi keçirdiyi ilk müşavirə onun necə bir dövlət xadimi olacağı haqqında maraqlı informasiya verirdi. Əvvəla, müşavirənin mövzusu - yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin mənzillə təmin olnması,- onu göstərirdi ki, yenə də insanlara qayğı onun üçün prioritet qalacaq. Yəni ilk müşavirənin mövzu seçimində bir rəmzilik var idi.

Digər tərəfdən, elə həmin ilk müşavirədəcə biz gördük ki, Mehriban xanım qətiyyətlə davranmağı, məmurların qarşısında konkret, sərrast tapşırıqlar qoymağı bacarır. O, göstərdi ki, vəziyyəti bilir, həll olunmayan problemlərdən də, həllini tapan məsələlərdən də tam xəbərdardır. Sonradan birinci vitse-prezident kimi keçirdiyi digər iclaslar da sübut etdi ki, o, həm də yetkin bir dövlət xadimidir.

Təbii ki, Mehriban xanımını fəaliyyəti təkcə ölkənin sərhədlərilə məhdudlaşmayıb. Avropanın ilk Olimpiya Oyunlarının, IV İslamiadanın təşkili, Pakistandan Vatikana qədər geniş coğrafiyanı əhatə edən irili-xırdalı yüzlərlə humanitar və mədəni missiyalar onu artıq dünyada tanınan bir siyasi xadimə çevirib. Mehriban Əliyeva istər siyasi, istərsə də ictimai fəallığına görə dünyadakı birinci xanımların arasında hər baxımdan kəskin seçilir. Adətən digər dövlətlərdə birinci xanımların fəaliyyəti bir neçə xeyriyyə fondu ilə əməkdaşlıqdan o yana keçmir. Azərbaycanın birinci xanımı üçün isə “birinci” sözü təkcə status deyil, həm də fəaliyyəti ilə cəmiyyətdə və dövlət strukturunda qazandığı yerdir. O, təkcə taleyin sayəsində birinci olmayıb, öz işlərilə bu birinciliyi qazanıb. Ən vacib məqam da budur.

Vüsal Məmmədov
AzVision.az


Teqlər: Mehriban-Əliyeva  





Xəbər lenti