İcra başçısı Zəhranın ailəsi ilə görüşüb: "Etiraf etdilər ki, yalandır"

İcra başçısı Zəhranın ailəsi ilə görüşüb: "Etiraf etdilər ki, yalandır"
  28 Avqust 2017    Oxunub:3516
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Alxanlı kəndində erməni təxribatı nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyeva və Sahibə Allahverdiyevanın ailə üzvlərini qəbul edib.
Bunu AzVision.az–a açıqlamasında rayon icra hakimiyyətinin şöbə müdiri Bayram Niftəliyev deyib. Onun sözlərinə görə, görüş bir saat davam edib.

“Zəhra Quliyevanın atası Elnur Quliyev, anası Nərmin Quliyeva və atası icra başçısı ilə görüşüb. Görüş bir saat davam edib. Görüşdə Elnur Quliyev bildirdi ki, ev məsələsi ilə bağlı heç bir yerə şikayət etməyib. Məlum oldu ki, avqustun 13-də “Əsgər ailələrinə dəstək” İctimai Birliyinin rəhbəri Mətanət Əsgərqızı Zəhranın ailəsi ilə görüş keçirib. Görüşdə ev məsələsinə toxunulub. Ailə bildirib ki, dövlət ev versə, heç kim etiraz etməz və bu, ölkə başçısının səlahiyyətində olan məsələdir. Mətbuatda yazılan xəbərlər isə həqiqəti əks etdirmir. Mətbuatda yazıldığı kimi İcra Hakimiyyətinin onların ev almasına mane olmasından söhbət gedə bilməz, Bu xəbərlər yalandır. Özləri də bunu icra başçısı ilə görüşdə etiraf etdilər”.

B.Niftəliyev qeyd edib ki, İcra Hakimiyyəti tərəfindən ailəyə hər tərəfli dəstək olunur: “İcra başçısının göstərişi ilə Zəhranın atası və anası işlə təmin olunub. Onların Alıxanlı kəndində evləri, 21 sot bağları, 1 hektar suvarma sahəsi, 5 hektar əkin üçün torpaqları var”.

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə Ermənistan ordusunun təxribatı nəticəsində ölən 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın ailə üzvlərinin Füzuli Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən aldadılması ilə bağlı məlumatlar yayılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Füzuli   Alxanlı   Zəhra  





Xəbər lenti