"İsmayıllıda heç bir təhlükə yoxdur" - İcra hakimiyyəti

"İsmayıllıda heç bir təhlükə yoxdur" - İcra hakimiyyəti
  29 Avqust 2017    Oxunub:3837
İsmayıllı rayon İcra Hakimiyyəti rayonda dini ekstremistlərin sayının artması, vəziyyətin təhlükəli olması ilə bağlı iddialara aydınlıq gətirib.

İcra başçısının birinci müavini Rövşən Ağayev AzVision.az-a bildirib ki, İsmayıllı rayonunda vəziyyət daim nəzarətdədir, təhlükəli hal mövcud deyil.
“Rayonda heç bir təhlükə yoxdur, vəziyyət daim nəzarətdədir. Narahatçılığa əsas yoxdur. İstənilən halda ciddi təhlükəsizlik tədbirləri görülür”.

Qeyd edək ki, avqutsun 27-də İsmayıllıda terror aktları planlaşdıran dini ekstremist Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən məhv edilib.

DTX-nın rəsmi məlumatlara görə, terrorçuluğa qarşı mübarizə istiqamətində davam edən araşdırmalar zamanı ölkə hüdudlarından kənarda silahlı münaqişələr, terror aktları törədən dini ekstremist, terror təşkilatına qoşulub həmin təşkilatdan maliyyə vəsaitləri qəbul etmiş Azərbaycan vətəndaşı Cavadov Yaşar Oktay oğlunun odlu silah və partlayıcı maddələr əldə etməsi, dövlət təsisatına hücum edərək terror aktı törətməyə hazırlıq hərəkətləri müəyyən edilib.

DTX-da başlanılmış cinayət işi üzrə 2017-ci il avqustun 27-də İsmayıllı şəhəri ərazisində həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri zamanı Yaşar Cavadov saxlanılmasına silahlı müqavimət göstərərək xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara ictimai yerdə odlu silahdan atəş açıb, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib.

Axtarışlar zamanı xaricdə fəaliyyət göstərən terror təşkilatının maliyyələşməsi prosesinə aid, habelə iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: İsmayıllı   DTX   Ekstremist  





Xəbər lenti