"Bu siyahı xaricdən gələn qrant hesabına hazırlanıb" - Aydın Mirzəzadə

"Bu siyahı xaricdən gələn qrant hesabına hazırlanıb" - Aydın Mirzəzadə
  29 Avqust 2017    Oxunub:3218
“Radikal müxalifətin elan etdiyi 160 nəfərlik saxta “siyasi məhbus” siyahısı xaricdən gələn sifariş və qrant hesabına hazırlanıb”.

Bu fikirləri AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.
YAP rəsmisinin fikrincə, son illərin praktikası Azərbaycanda radikal müxalifətin heç vaxt heç nəyi təsadüfdən etmədiyini göstərir: “Müxalifət bu gün cəmiyyətin inkişafı ilə bağlı alternativ proqramlar hazırlamaq, cəmiyyətin siyasi maariflənməsi ilə məşğul olmaq əvəzinə bir qayda olaraq xaricdən gələn sifarişləri yerinə yetirməklə məşğuldur. Yada salaq, Bakıda mühüm beynəlxalq tədbirlər keçirilərkən, onlar icazəsiz mitinqlər, aksiyalar keçirməyə, gurultulu bəyanatlar qəbul etməyə maraqlı olurlar. Araşdırdıqda isə məlum olur ki, belə addımların atılması xaricdən gələn sifarişdir”.

A.Mirzəzadə deyib ki, radikal müxalifətin sıralarında nəinki 160, heç 100-ə yaxın üzv yoxdur.
“Bu gün radikal müxalifətin sıralarında heç o qədər insan yoxdur ki, belə bir siyahı tərtib etsinlər. Sadəcə olaraq cinayət törətmiş və əməlinə görə cəza almış şəxsləri siyahıya doldurmaqla özlərini insan hüquqlarının müdafiəçisi rolunda sınamağa çalışırlar. Bu gün heç kimin onların müdafiəsinə ehtiyacı yoxdur. Onlar nə cəmiyyət, nə də öz tərəfdarları üçün bir iş görüblər”.

YAP-çı deputat bildirib ki, cinayətkarın cəzasız qalması cəmiyyət üçün yeni problemlər yarada bilər: “Amma, bunula belə cəzasının bir hissəsini çəkdikdən sonra əməlindən peşman olan və yenidən cəmiyyətə qayıtmaq istəyənlər üçün də ölkəmizdə oturuşmuş hüquqi mexanizm vardır. Həmin şəxslər əfv edilməsi üçün dövlət başçısına, cəzasının bir hissəsindən azad edilməsi üçün məhkəməyə müraciət edə bilirlər”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: YAP   Aydın-Mirzəzadə   Deputat  





Xəbər lenti