Dilqəmin oğlu BQXK-nı ifşa etdi: “Əlimdə səs yazısı var…”

Dilqəmin oğlu BQXK-nı ifşa etdi: “Əlimdə səs yazısı var…”
  31 Avqust 2017    Oxunub:5522
Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun ailəsi Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin girovlarla görüşməsi haqda qurumun yaydığı məlumatı yalanlayıb.
D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov AzVision.az-la əlaqə saxlayaraq, Kəlbəcər girovları ilə görüşün baş tutmadığını deyib.

“Dilqəm Əsgərovun ailəsi bizik. Bizə görüşün olması barədə məlumat verilməyib. Mətbuatda yayılan xəbərlər yalandır. Fevral ayından indiyədək atamdan xəbər almamışıq. Ona görə çox narahatıq. BQXK-nın rəsmisi mətbuata bildirir ki, guya girovların ailələri ilə əlaqə saxlamlarına şərait yaradırlar. Bu, tamamilə yalandır. Bu gün səhər saatlarında BQXK-ya zəng vurub yayılan məlumatı dəqiqləşdirmək istədim. Soruşdum ki, dünən girovlarla görüşün olması barədə məlumat yayılıb. Bəs girovların ailələrinə niyə məlumat vermirsiniz? Əgər onlara baş çəkilibsə, niyə bizim məktublarımızı onlara çatdırmırsınız?

BQXK-nın ofisindən şəxsən mənə bildirdilər ki, girovlara uzun müddətdir baş çəkilməyib, yayılan məlumat doğru deyil. Bununla bağlı əlimdə səs yazısı var. Artıq 6 aydır ki, atamdan nə məktub, nə video almışıq. Bəlkə də atama nəsə olub, onlar bizdən gizlədirlər”-, deyə K.Əsgərov bildirib.

Qeyd edək ki, ötən gün yayılan məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri avqust ayı ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib:

“Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Ermənistanın işğalı altında olan Azərbaycan ərazisi Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyevlə bağlı qanunsuz məhkəmə prosesi aparılıb. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:





Xəbər lenti