Dilqəmin oğlu Varşavada atasına azadlıq tələb edəcək

Dilqəmin oğlu Varşavada atasına azadlıq tələb edəcək
  05 Sentyabr 2017    Oxunub:6492
Kəlbəcər girovu Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov ATƏT-in Varşavada keçiriləcək sammitində iştirak edəcək.
K.Əsgərov AzVision.az-a bildirib ki, sammitdə çıxışı zamanı Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalı və həmyerlilərimizin Kəlbəcərdə girov götürülməsi ilə bağlı məsələ qaldıracaq.

“25 ildən artıqdır ki, Azərbaycan torpaqlarının böyük bir hissəsi erməni işğalçılarının nəzarəti altındadır. Bu illər ərzində Qarabağ münaqişəsinin həlli guya ATƏT-in Minsk Qrupuna həvalə olunub. Amma nəticə göz qabağındadır. Topraqlarımız hələ də düşmən tapdağı alındadır.

Atam Dilqəm Əsgərov Qarabağda öz ata-babalarının məzarını ziyarət edən zaman ermənilər tərəfindən girov götürülüb. Bir çox beynəlxalq təşkilatlarla yanaşı, guya ATƏT-in Minsk Qrupunun həmsədrləri də atamın girovluqdan azad edilməsi ilə məşğul olur.

Sammit iştirakçılarına sual edəcəyəm: Niyə atam hələ də eməni girovluğunda saxlanılır? Biz orada məsələ qaldıracağıq ki, nəyə görə ermənilər Azərbaycana qarşı topraq, ərazi iddia etməklə yanaşı vətəndaşlarımızı da girov saxlamalıdır? Hansı səbəbdən Azərbaycana qarşı ikili standartlar nümayiş etdirilir? Ermənilər Azərbaycanın əzəli torpağı olan Qarabağı işğal edib, soydaşlarımızı öz torpaqlarından didərgin salıblar. Minsk Qurupu bu illər əzində heç bir iş görməyib. ATƏT-in Minsk Qrupu iki vətəndaşımızı ermənilərin əlindən alıb, bizə qaytara bilmirsə, Qarabağı necə geri qaytaracaqlar?”.



K.Əsgərov sammit zamanı bütün dünyaya səslənəcəyini söyləyib: “Oradan bütün dünyaya səslənəcəyik ki, Azərbaycanın işğal altındakı torpaqları geri qaytarılmalıdır. Daha sonra atama azadlıq tələb edəcəyəm. Atamın heç bir günahı yoxdur. O, öz torpağında ermənilər tərəfindən girov götürülüb, vəhşicəsinə işgənclərə məruz qalıb. Biz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıracağıq”.

Qeyd edək ki, 11-22 sentyabr tarixində Varşavada ATƏT-in növbəti sammiti keçiriləcək. Sammitdə 57 ölkənin diplomatları, həmçinin insan haqları təşkilatları və media mənsubları iştirak edəcək. K. Əsgərov da Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun (ADİHİ) rəhbəri Əhməd Şahidovun dəstəyi ilə Sammitə iştirak edəcək.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Ermənistanın işğalı altında olan Azərbaycan ərazisi Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyevlə bağlı qanunsuz məhkəmə prosesi aparılıb. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: ATƏT   Kəlbəcər-girovu  





Xəbər lenti