Məmmədyarovla Çavuşoğlu arasında Qarabağ müzakirəsi - Yenilənib

  06 Sentyabr 2017    Oxunub : 1243
Məmmədyarovla Çavuşoğlu arasında Qarabağ müzakirəsi - Yenilənib

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikası, Türkiyə Respublikası və Gürcüstan xarici işlər nazirlərinin 6-cı Üçtərəfli Görüşündə iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb.

AzVision.az xəbər verir ki, görüşdə iki qardaş dövlət arasında əməkdaşlığın bütün sahələrdə yüksək səviyyəli inkişafından və müxtəlif formatlarda keçirilən görüşlərin ikitərəfli münasibətlərə verdiyi töhfədən məmnunluq ifadə olundu. Bu xüsusda, ikitərəfli əsasda olduğu kimi Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli formatında da əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunaraq, gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Nazirlər iki dövlət arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığı və qarşılıqlı dəstəyi yüksək qiymətləndirdilər.

Görüş əsnasında iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının əhəmiyyəti, habelə ticarət-iqtisadi əlaqələrin davamlı, sabit və uzunmüddətli inkişafının təmin edilməsində Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın vacib rolu qeyd edildi.

Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin tezliklə istifadəyə veriləcəyi qeyd olunaraq, bu layihənin region və onun hüdudlarından kənarda inkişafa və tərəqqiyə xidmət edəcəyi bildirildi. Eyni zamanda iki ölkənin nümayiş etdirdiyi qəti siyasi iradəyə uyğun olaraq, Trans-Anadolu (TANAP) layihəsinin də müəyyən olunmuş vaxt çərçivəsində icra olunacağına əminlik ifadə olundu.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi və Ermənistanın qeyri-konstruktiv siyasəti barədə məlumat verdi. O, münaqişənin həllində irəliləyişə nail olmaq üçün ilk növbədə Ermənistan qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirdi. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Azərbaycan   Türkiyə   XİN