Rusiya Qarabağa görə Qərbi günahlandırır – Lavrovun çıxışına şərh

Rusiya Qarabağa görə Qərbi günahlandırır – Lavrovun çıxışına şərh
  06 Sentyabr 2017    Oxunub:2556
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağ münaqişəsi ilə bağlı sensasion sayılacaq açıqlama verib. Lavrov bildirib ki, Qərb onların təkliflərini qəbul etsəydi, Qarabağ münaqişəsi çoxdan həll olunardı.
Rusiyanın baş diplomatının Qarabağ açıqlamasını AzVision.az-a şərh edən plitoloq Qabil Hüseynli bildirib ki, Lavrovun bu fikirləri heç də səmimi deyil.

Politoloq qeyd edib ki, Qarabağ münaqişəsinin yaranmasında Rusiyanın kifayət qədər rolu olub: “Kəlbəcər rayonunun işğalında Rusiyanın dağ qoşunlarının iştirak etməsi faktı tamamilə təsdiqini tapıb. Ümumiyyətlə, potsovet məkanındakı bütün milli münaqişələrin yaranmasının ssenarisi Moskvada cızılmışdı. Sonradan bu məsələlərin həll variantı meydana çıxanda və beynəlxalq təşkilatlar bu işə qoşulanda, Rusiya bu məsələləri öz inhisarına aldı. Status-kvonun dəyişməsinə əngəl törədən, münaqişələrin dondurulmasının əsas təşəbbüskarı yenə də Rusiya oldu. Dnestryanı bölgədə status-kvonu qoruyub saxlayan da Rusiya qoşunlarıdır. Gürcüstanda prosesi problemləşdirən və eləcə də Azərbaycanda bu münaqişənin yaranmasında ruslar yaxından iştirak ediblər. Uzun illərdir ki, Ermənistanda hərbi bazalarını saxlayır, işğalçı ölkənin sərhədlərini qoruyur və onlara məbləği milyardlarla ölçülən silahlar bağışlayır. Rusiya və Ermənistan hərbi birləşməsinin yaradılması, “Putin NATO-su”na ermənin baş katib qoyulması da təsadüfi deyil. Bu faktlar sübut edir ki, Rusiya həmişə Ermənistanın yanında olub. Dağlıq Qarabağ probleminin ədalətli və beynəlxalq hüquq normalarına uyğun həll edilməsinə maneəçilik törədənlərdən biri məhz Rusiyadır”.

Politoloq vurğulayıb ki, Qərb dövlətlərinin münaqişənin həllinə maneçilik törətməsi ilə bağlı fakt yoxdur: “Lavrov yenə erməni kimi danışmaqda davam edir. Bu məsələlərdə misilsiz riyakarlıq və qeyri-səmimilik nümayiş etdirir. ABŞ bu yaxınlarda öz mövqeyində kəskin dəyişiklik edib, problemin həll olunmasında kifayət qədər konstruktiv mövqe nümayiş etdirir. Rusiya isə bunun əleyhinə olaraq heç bir yeniliyin olmadığını deyir. Lavrovun bu çıxışı gözə kül üfürməkdən başqa bir şey deyil”.

Politoloq Fikrət Sadıqov isə Sergey Lavrovun fikirlərində müəyyən qədər həqiqətin olduğunu deyib. O, bildirib ki, Lavrov bir sıra münaqişələrin yaranmasında Qərb ölkələrini günahlandırmaq istəyir: “Müəyyən mənada bu ifadələr düzdü. Amma söhbət məhz Dağlıq Qarabağ münaqişəsindən gedirsə, bu məsələdə ABŞ, Fransa və Rusiya əsas ölkələrdir. Münaqişə indiyə kimi həll olunmayıbsa, heç bir nəticəsi yoxdursa, demək Lavrovun təmsil etdiyi ölkə də müəyyən mənada günahkardır. İllərdir ki, Rusiya bu məsələdə seyirci mövqeyində durub və problemin həllinə çalışmır.

Qarabağ münaqişəsinin indiyədək həll edilməməsinə görə, təkcə Rusiya deyil, hər üç dövlət məsuliyyət daşıyır. ATƏT problemin həllini bu dövlətlərə həvalə edib və onlar konkret təkliflər irəli sürməlidirlər. Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquq normalarına əməl edilməli və qətnamələr yerinə yetirilməlidir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Lavrov   Qarabağ   Rusiya  





Xəbər lenti