Ağac kəsən şəxsin işi prokurorluğa göndərilib

Ağac kəsən şəxsin işi prokurorluğa göndərilib
  07 Sentyabr 2017    Oxunub:1356
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Nizami rayonu, Nəsimi küçəsində yerləşən “Səma” mebel mağazasının qarşısındakı ərazidə ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
ETSN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, “Səma” mebel mağazasının qarşısındakı yaşıllıq sahəsinə keçirilən baxış zamanı yaşköküstə müxtəlif diametrli 4 sərv və 1 Eldar şamı ağacının kəsildiyi məlum olub.

Aparılan araşdırma zamanı həmin ağacların Sabunçu rayonu Qaraçuxur qəsəbə sakini Elnur Ələkbərov tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı akt tərtib edilib və təbiətə 2520 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Nizami rayon Prokurorluğuna göndərilib.

AzVision.az


Teqlər: ETSN  





Xəbər lenti