Azərbaycanın xalça inciləri Vaşinqtonda

Azərbaycanın xalça inciləri Vaşinqtonda
  08 Sentyabr 2017    Oxunub:1442
Sentyabrın 8-də ABŞ-ın paytaxtında “Azərbaycan Xalçaları İncəsənəti” mövzusunda sərgi və ziyafət təşkil olunub. Tədbir ölkəmizin ABŞ-dakı səfirliyi və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı ilə Orta Şərq İnstitutunun yerləşdiyi binada təşkil edilib.
Vaşinqton şəhərinin mədəni həyatının əlamətdar hadisəsi olan bu tədbirdə səfirlər, dövlət qurumları, düşüncə mərkəzləri və QHT təmsilçiləri, habelə şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov xalça sənətini Azərbaycan mədəniyyətinin əsas incilərindən biri kimi səciyyələndirərək, onun qədim ənənələri və müxtəlif məktəblərinin olduğunu xatırladıb. Azərbaycan xalçalarının incəsənət əsəri olmaqla yanaşı, ölkəmizin tarixini və inkişafını, mədəni xüsusiyyətlərini izah etdiyinə diqqət çəkib. Səfir Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində xalçaçılığın yenidən canlandığını və bu sərginin keçirilməsinin inkişaf edən və möhkəmlənən Azərbaycanın bir göstəricisi olduğunu xüsusi vurğulayıb.

“Azərxalça” ASC-nin idarə heyətinin sədr müavini Orxan Rzayev Azərbaycan xalçasını xalqımızın mədəni kimliyinin əsas hissələrindən biri kimi dəyərləndirərək, ölkəmizin müxtəlif bölgələrini əks etdirən doqquz xalçaçılıq məktəbinin olduğunu diqqətə çatdırıb. O, “Azərxalça” ASC-nin Prezident İlham Əliyevin 2016-ci ilin mayında imzaladığı müvafiq Sərəncam əsasında yarandığını xatırladaraq, bu müəssisənin istehsal etdiyi xalçaların həm ölkəmizdə satıldığını, həm də ixrac edildiyini bildirib.

Tədbirin rəsmi hissəsindən sonra ziyarətçilərə əllə toxunmuş bu xalçalar barədə geniş izah verilib, onların çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, sərgidə Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, İrəvan və Naxçıvan xalça məktəbinin nümunələri nümayiş etdirilib və geniş ziyarətçi marağına səbəb olub. Bu sərginin növbəti günlərdə Nyu-York şəhərində də təşkili nəzərdə tutulur.

AzVision.az


Teqlər: Vaşinqton   ABŞ   Səfirlik  





Xəbər lenti