"Mətbuat heç vaxt mütləqiyyətə boyun əyməyib" - Əflatun Amaşov

"Mətbuat heç vaxt mütləqiyyətə boyun əyməyib" - Əflatun Amaşov
  08 Sentyabr 2017    Oxunub:1551
“ABŞ-ın nüfuzlu “The Washington Post”, Böyük Britaniyanın "The Guardian" qəzetlərində və digər KİV-lərdə ölkəmizlə bağlı əsassız və qərəzli fikirlər gündəmə gətirilib, Azərbaycana, onun prezidentinə qarşı çirkin qaralama kampaniyasına start verilib”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.

Millət vəkili bildirib ki, bu kampaniyada vacib elementlərdən biri isə həmişəki kimi söz və ifadə azadlığı ilə imitasiyadır: “Azərbaycan jurnalistləri, ümumən cəmiyyətimiz bu kimi xoşagəlməz təqdimatları böyük rəzalət, ədalətsiz yanaşma hesab edir. Zənnimcə, barışılması mümkün olmayan ən böyük ədalətsizlik isə prezident İlham Əliyevin şəxsində Azərbaycan dövlətinin öz vətəndaşı olan jurnalistlərə yönələn sosial aksiyasının, yəni media təmsilçilərinin mənzillə təminatının sırf təmənna kimi qələmə verilməsi, mövcud xüsusda medianın dövlətdən asılılığı faktorunun qabardılmasıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev nəyə görə jurnalistlərin dostudur? Yaxud ölkə jurnalistləri nəyə görə dövlət başçısını özlərinin dostu hesab edirlər? Dediyim kimi, cavab məlumdur. Kütləvi informasiya vasitələrinin hüquqi bazasının təkmilləşdirilməsindən tutmuş jurnalistlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasınadək bir çox məqamlardan ətraflı söz açmaq mümkündür. Təbii, hər bir detalın üzərində dayanmağa lüzum görmürəm. Ancaq müəyyən qədər ümumiləşdirmələr apararaq bir sıra məsələləri vurğulamaq istərdim.

Azərbaycan dövləti medianı idarəçiliyin əsas vasitəsi hesab edir. Onun dördüncü hakimiyyət missiyasına ciddi yanaşır. Çünki ümumən media fəaliyyəti mahiyyətcə ədalətin bərqərar olmasına, güclənməsinə çağırış motivlidir və maarifləndiricidir. İstər nəzəri, istərsə də praktik cəhətdən bu, hər bir dövlət üçün sərfəli modeldir”.

Ə.Amaşov qeyd edib ki, bəzi Qərb dairələrinin yanlış və məqsədli təqdimatlarının əksinə olaraq Azərbaycan özünütəcrid vəziyyətində deyil, ola da bilməz: “Aşkarlığın, şəffaflığın mühüm göstəricisi olan müstəqil mediasız isə Azərbaycan modeli ümumiyyətlə yoxdur. Bu, idarəçiliyin təbiətindən, xalqın ruhundan, mahiyyətindən irəli gələn xüsusiyyətdir. Hətta totalitar sovet rejimi şəraitində də respublikamızın öz ənənələri olub. Bu ənənələr mətbuata ciddi şəkildə sirayət edib. Bir sözlə, xalq da, onun mübarizə dayağı sayılan mətbuat da heç vaxt mütləqiyyətə boyun əyməyib.

Doğrudur, tarixdə Azərbaycan xalqının, eləcə də bütövlükdə Qafqaz regionu xalqlarının taleyinə təsir göstərmiş nəhəng proseslər, kataklizmalar yaşanıb. Bunun fəsadlarından sığortalanmaq mümkün olmayıb. İçərisində indi özünü demokratik sayan Qərbin də yer aldığı ədalətsizliklərlə üzləşmişik. Bölgəmiz böyük konfrantasiyaların meydanına çevrilib. Təəssüf ki, bu reallıqları qəbul etmək məcburiyyətində qalmışıq. Lakin zaman dəyişib. Xalqımızın taleyinə yazılmış SSRİ adlandırdığımız kabus da ömrünü başa vurub. Yeri gəlmişkən, keçmiş imperiyanın süqutunda Azərbaycan xalqının, onun ruhunu ifadə edən mətbuat orqanlarının son dərəcə fədakar əməyi olub. Bütün çətinliklərə və məhrumiyyətlərə baxmayaraq müstəqillik illərində Azərbaycan sürətlə inkişaf edən, dünyaya inteqrasiya yolu tutan ölkəyə çevrilib. Burada beynəlxalq əhəmiyyətli konfranslar, seminarlar, simpoziumlar, nüfuzlu idman yarışları və digər iri miqyaslı toplantılar təşkil olunub. Əldə etdiyimiz nailiyyətlər barədə beynəlxalq aləmdə kifayət qədər bilgilər var. Bununla bağlı dünya mediasında çoxsaylı məqalələr də yer alıb.

Azərbaycan dövləti “The Washington Post”un və digərilərinin iddia etdiyinin əksinə olaraq, heç vaxt jurnalistikanı hansısa təmənna ilə ələ almaq niyyətində olmayıb. Azərbaycan jurnalistləri də heç zaman nəinki düşünməyiblər, heç ağıllarına da gətirməyiblər ki, dövlətin onlarla bağlı siyasəti yaradıcılıqlarını məhdudlaşdıra, özünüsenzura meyli yarada bilər. Onlar bu gün də tam azad və sərbəst şəkildə fikirlərini ifadə edir, ən sərt tənqidi, düşündürücü materiallarla oxucuların görüşünə gəlirlər”.

Mətbuat Şurasının sədri vurğulayıb ki, dövlət başçısı çıxışlarında jurnalistləri daim fəal olmağa, cəmiyyətin ən müxtəlif tərəflərini işıqlandırmağa, nöqsanları diqqətə çatdırmağa, məmurları tənqid etməyə çağırır:

“Bəli, üç ildən sonra Azərbaycanda daha 255 jurnalistə ölkə Prezidentinin Sərəncamı əsasında inşa olunacaq binadan mənzil veriləcək. İndiyədək 411 media təmsilçisi evlə təmin edilib. Bu prosesdə Azərbaycan mediasının palitrası tam şəkildə gözlənilib. Dövlətin mənzillə təmin etdiyi jurnalistlər içərisində iqtidaryönümlü, müxalifətyönümlü və müstəqil jurnalistlər var. Bölgüdə onlara hər hansı fərq qoyulmasından söhbət qətiyyən gedə bilməz. Əlbəttə, Azərbaycan jurnalistləri mənzilə, ümumən sosial-məişət və iş şəraitlərinin yaxşılaşdırılmasına ehtiyac duyublar. Qeyd etdiyimiz kimi, Azərbaycanın inkişafı heç də rəvan getməyib. İndi də Dağlıq Qarabağ münaqişəsinin timsalında Ermənistanın təcavüzkar siyasəti ilə baş-başayıq. Torpaqlarımızın 20 faizi işğal altındadır. Bu kimi məqamları görmək öz fəaliyyətlərində itirdikləri haqq-ədalət anlayışını Azərbaycanda tapmaq fikrinə düşənləri, ölkəmizə qarşı ikili standartlar irəli sürənləri, söz və ifadə azadlığı ilə bağlı saxta reytinqlər tərtib edərək Azərbaycanı nüfuzdan salmağa çalışanları qətiyyən düşündürmür. Onları bu da düşündürmür ki, Azərbaycanda hər il əhalinin ən müxtəlif kateqoriyalarının mənzillə təminatı, mənzil şəraitinin yaxşılaşdırılması üçün layihələr gerçəkləşdirilir. Bu, dövlətin vətəndaşına yönələn sosial siyasəti olaraq dəyər qazanırsa, jurnalistlərin eyni imtiyazdan bəhrələnmələri nə üçün təmənna sayılmalıdır? Əksinə jurnalistlərin mənzil probleminin aradan qaldırılması prioritet əhəmiyyət daşımalıdır. Dövlətimiz də nəzərə alır ki, qayğısız jurnalistin əməyi demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğunun dərinləşdirilməsi baxımından vacibdir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Mətbuat-Şurası   Əflatun-Amaşov  





Xəbər lenti