Prezident 239 və 162 saylı orta məktəblərdə - FOTOLAR (Yenilənib)

Prezident 239 və 162 saylı orta məktəblərdə - FOTOLAR (Yenilənib)
  11 Sentyabr 2017    Oxunub:9996
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Səbail rayonunun Badamdar qəsəbəsindəki 239 nömrəli tam orta məktəbin binasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
AzVision.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlətimizin başçısına məktəbin binasında görülən işlər barədə məlumat verdi. Məktəbin əsas korpusu 1960-cı ildə, ikinci korpusu isə 2007-ci ildə inşa olunub. Hər iki korpusda yenidənqurma işləri yüksək keyfiyyətlə yerinə yetirilib. Məktəbdə 53 sinif, 2 informatika otağı, fizika, kimya, biologiya laboratoriyaları, idman və akt zalları, hərbi otaq və kitabxana var.



Təhsil ocağında, həmçinin “Sağlam təhsil” və tibb otaqları da yaradılıb. Sinif otaqlarının hamısı zəruri tədris vəsaitləri ilə təchiz edilib. Hazırda məktəbdə 1180 şagird təhsil alır. Təhsil müəssisəsində şagirdlərin idmanla məşğul olmaları üçün hərtərəfli şərait yaradılıb. Təmir işləri çərçivəsində idman zalı və idman meydançası da yüksək səviyyədə yenidən qurulub. Yenidənqurma zamanı 239 nömrəli məktəbin həyətində də geniş abadlıq işləri görülüb, yaşıllıqlar salınıb. Məktəbin binasında yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.



Sentyabrın 11-də Səbail rayonunun 20-ci Yaşayış sahəsindəki 162 nömrəli tam orta məktəbin binası yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məktəbin binasında yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısına təmir və yenidənqurma işləri ilə bağlı məlumat verildi. Dövlətimizin başçısı sinif otaqlarında yaradılan şəraitlə tanış oldu.



Dövlətimizin başçısı məktəbdə yaradılan “Eko sinif”lə də tanış oldu. Belə siniflərin yaradılmasında məqsəd şagirdləri ekoloji cəhətdən maarifləndirmək, onların ətraf mühitin qorunması işində məsuliyyət hisslərini artırmaqdan ibarətdir. Təhsil ocağının gənclərin çağırışaqədər hazırlığı kabineti isə yüksək səviyyədə qurulub, lazımi ləvazimat və stendlərlə təmin olunub, burada mini kazarma yaradılıb.



Qeyd edək ki, 162 nömrəli məktəbdə tədris ikinövbəli rejimdə aparılır. Burada Azərbaycan və rus bölmələrində 1400-ə yaxın şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 105 müəllim məşğul olur. Fəaliyyət göstərdiyi illərdə bir sıra uğurlara imza atan bu təhsil ocağının həyətində də geniş abadlıq və quruculuq işləri görülüb.



AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti