Bu sahədə Azərbaycan dünya üçüncüsü ola bilər – TƏHLİL

Bu sahədə Azərbaycan dünya üçüncüsü ola bilər – TƏHLİL
  11 Sentyabr 2017    Oxunub:13785
Keçən il fındıq Azərbaycanın qeyri-neft sektoru üzrə ən böyük ixrac məhsulu olub. Ölkəyə 105 milyon dollar valyuta gətirib. Bu, Şimal-Qərb rayonlarının kənd camaatını çox sevindirmişdi. Çünki bir ara qiymətlər kiloya 7-8 manatadək qalxmışdı.
Bu ilin birinci yarımili ərzində isə 32,3 milyon dollar dəyərində fındıq ixrac edilib. Sözün qısası, fındıq ən çox valyuta gətirən kənd təsərrüfatı istehsalı məhsulu olub. Odur ki, ölkənin 13 rayonu üzrə 40 min hektardan artıq ərazidə fındıq bağlarının salınması nəzərdə tutulur. 2016-2017-ci illərdə 16.3 min hektar fındıq bağları salınmışdısa, 2017-2018-ci illərdə daha 10 min hektar salmaq planlaşdırılır.

Hazırda fındıqçılıqla 9 min nəfər məşğuldur. Yeni bağlar salınandan sonra isə bu rəqəm 20 min nəfərə çatacaq.

Ümumiyyətlə, sovet dövrü bitəndən sonra fındıqçılıq çox da tənəzzülə uğramayan sahələrdən biridir desək, yanılmarıq. Başqa sözlə desəm, baramaçılıqdan və tütünçülükdən fərqli olaraq, fındıqçılıq son illər ərzində demək olar, tənəzzülə uğramayıb. Çünki adı çəkilən bölgə əhalisinin son illər ərzində əsas və yeganə ümid yeri həmişə fındıq olub. Belə ki, 2000-ci ildə Azərbaycanda fındıq bağlarının sahəsi 18 min hektar idisə, 2013-cü ildə bu rəqəm 30 min, 2015-ci ildə isə 32 min 700 hektara çatıb.

Bütün bunlar çox gözəl göstəricilərdir. Hazırda isə dövlət bu sahənin inkişafını öz üzərinə götürüb. Belə ki, lazım olan bütün texniki tədbirlər dövlət hesabına aparılıb və xaricdən tinglər gətirilib. Nəyə görə?! Çünki indiyədək ümumən, 14 min 800 ton fındıq ixrac edilib.



Azərbaycanın fındıq ixrac etdiyi əsas ölkələr bunlardır: İtaliyaya 40 milyon dollar, Rusiyaya 30 milyon dollar və Almaniyaya 24 milyon dollar... Bütövlükdə isə 25 ölkəyə fındıq ixrac edilib. Qarşıya məqsəd qoyulub ki, fındıq bağlarının sahəsi 80 min hektara çatdırılsın.

Yeri gəlmişkən, Azərbaycan fındıq istehsalı sahəsində dünya miqyasında hazırda dördüncü yerdədir. Nəzərdə tutulan bütün tədbirlər tam həyata keçirilərsə, üçüncü yerə çıxa bilərik. Ancaq, təəssüf ki, bir iş var...

Yuxarıda qeyd etdik ki, keçən il qiymətlər bir ara kiloya 7-8 manatadək qalxmışdı. Bununla belə, rəsmi olaraq da deyilir ki, bu aşağı qiymətdir. Çünki xarici bazarlarda fındığın 1 kiloqramının qiyməti bizim pulla 10 manatdan çoxdur. Bu ilsə kənd camaatından fındığın alış qiymətinin 3 manatdan artıq olmayacağı deyilir. Təbii ki, bu qiymət fındıqçılıqla məşğul olanları yumşaq desək, sevindirmir.

Bir halda ki, dövlət bu sahəyə dəstək göstərir, gərək əhalinin, yəni fərdi istehsalçı və tədarükçülərin maddi maraqlarının qorunmasına da həssas yanaşsın. O halda doğrudan da, fındıqçılıq Azərbaycanda güclü inkişaf edə və ölkəyə böyük fayda gətirə bilər.


Pərviz Heydərov
AzVision.az üçün


Teqlər: #Fındıqçılıq   #Kənd-Təsərrüfatı  





Xəbər lenti