“Buta Airways” Kiyevdə - FOTOLAR

  12 Sentyabr 2017    Oxunub : 1048
“Buta Airways” Kiyevdə - FOTOLAR

Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti olan “Buta Airways”ın Bakı-Kiyev reysinin həyata keçirilməsi ilə bağlı rəsmi qarşılanma mərasimi olub.

AzVision.az xəbər verir ki, Kiyevin Julyani Hava Limanında təyyarənin rəsmi qarşılanma mərasimində Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev, “Buta Airways” şirkətinin direktoru Cəmil Manizadə, Julyani aeroportunun baş direktorunun müavini Oleq Petrovski, Azərbaycan və Ukraynanın KİV nümayəndələri iştirak ediblər.



Xatırladaq ki, ilk mərhələdə aviaşirkət Kiyevdən başqa, Bakıdan Moskva (“Vnukovo” Hava Limanı), Antalya, Kazan, Mineralnıye Vodı, Tbilisi və Tehrana uçuşlar yerinə yetirir. Qış mövsümünün başlanması ilə (bu ilin oktyabr ayının 29-dan) “Buta Airways”in marşrut şəbəkəsinə İstanbul və Sankt-Peterburq kimi şəhərlər də əlavə olunacaq.



Loukost aviaşirkət olaraq, “Buta Airways” aviareyslərdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edir.



Üç ölçünün cəmi üzrə 110 santimetrdən artıq olmayan ölçüdə və çəki məhdudiyyəti tətbiq olunmayan əl yükünün daşınması 25 avro təşkil edir. Analoji qiymətə çəkisi 23 kiloqrama qədər (daxil olmaqla) və üç ölçünün cəmi üzrə 158 santimetrdən artıq olmayan ölçüdə qeydiyyatdan keçirilən baqajı daşımaq mümkündür. Saytda və ya kassada öncədən baqaj yeri üçün ödəniş edildikdə qiymət 20 avro təşkil edir.



Aviaşirkətin bütün reyslərində sendviçlər və su pulsuz olaraq təqdim olunur. İsti yeməyi aviabiletin alınması prosesi zamanı 7,90 avro ödəniş etməklə öncədən sifariş etmək mümkündür. Həmçinin təyyarənin göyərtəsində müxtəlif içkilər və soyuq qəlyanaltılar əldə etmək mümkündür. Aviaşirkətin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir.





Anar Rüstəmov
AzVision.az

Teqlər: Buta-Airways