Azərbaycan şərabı Avropanı necə fəth etmişdi – FOTOLAR

17:55   12 Sentyabr 2017    Oxunub: 13395
Azərbaycan şərabı Avropanı necə fəth etmişdi – FOTOLAR

Aşağıdakı şəkildə gördüyünüz bina 1860-cı ildən Göygöl rayonunda fəaliyyət göstərən Göygöl Şərab Zavodudur. Bu bina bir əsr yarımdan çoxdur ki, Göygöl rayonunun simvolik tanıtımı rolunu oynayır. Yəqin ki, yaşlı adamlar müxtəlif suvenir formalı məşhur “Göygöl” konyak və şərablarını yaxşı xatırlayır.

Helenendorf almanları bu ərazilərdə məskunlaşdıqdan sonra Gəncə çayının ətrafında yerli üzüm sortları becərməyə başlayır. Üzümçülük və şərabçılıq buradakı Şvab almanlarının əsas təsərrüfat fəaliyyətinə çevrilir. Helenendorfda hər bir alman evinin zirzəmisində yerli palıd ağacından hazırlanmış çəlləklərdə özlərinin hazırladıqları şərablar saxlanılırdı.



Kristof Forerin (ata) evində kustar üsulla hazırladığı şərablar Avropa bazarlarına çıxarılması ilə Azərbaycanda şərabçılıq sənayesinin əsası qoyulur. 1860-cı ildə Göygöl Şərab Zavodu, 1862-ci ildə isə “Forer Qardaşları” səhmdar cəmiyyəti təsis olunur. Forerlərin şüşələrdə qablaşdırdıqları şərab və konyaklar dünyanın müxtəlif ölkələrində ad qazanır. İstehsal etdikləri məhsulların ön yerləri tutduğunu və baha qiymətə satıldığını görən Forerlər üzüm bağlarını getdikcə genişləndirirlər.

1860-cı ildə Helenendorfda Kristofer Forer və Kristian Hummel tərəfindən Azərbaycanda şərabçılığının əsası qoyulur və 1892-ci ildən K. Forer təsərrüfatını dörd oğluna - Kristofer, Fridrix, Qotlib və Henrixə verir. Elə həmin vaxtlar Kristian Hummel “Hummel qardaşları ticarət evi” səhmdar cəmiyyətini yaradır və bu cəmiyyətə onun Yakob, Albert, Georq, Qotlib adlı oğulları rəhbərlik edir. Onların yaratdığı zavodun filial və nümayəndəlikləri Gəncə, Tiflis, Bakı, Sankt-Peterburq, Moskva, Kiyev, Odessa, Tomsk, Batumi şəhərlərində də fəaliyyətə başlayır.



Avropa bazarlarına yol tapan Helenendorf şərabları beynəlxalq sərgilərdə bir sıra qızıl medallara layiq görülür. Bir müddətdən sonra Forerin evindəki zirzəmi istehsal edilən şərab və konyak üçün kifayət etmir və böyük şərab anbarının tikilməsinə ehtiyac yaranır.

Şərab anbarları əsasən gil və ağ çay daşlarından tikilib. Ümumi dərinliyi 35-40 metrə çatan anbarların temperaturu yayda 13-15 dərəcə, qışda isə 10 dərəcəyədək olur. Anbardakı şərablar çəlləklərdə saxlanılır. Müasir çəlləklərlə yanaşı, almanların palıd ağacından hazırladığı və bugünədək saxlanılan doqquz nəhəng çəlləkdən hələ də istifadə edilir.



Mühafizə məqsədilə hər həftə sonu anbarda kükürd yandırılır. Bu, zirzəmidəki həşərat və havada olan mikrobları məhv edir. 1868-ci ildə Forerlər pivə istehsal edən zavod tikirlər. Bu zavod Bakıdakı pivə zavodundan sonra ikinci yerdə idi. 1883-cü ildə Hummel qardaşlarının ilk çaxır anbarı istifadəyə verilir.



1895-ci ildə Yelizavetopolda konyak zavodu tikilir. 1922-ci ildə şərab zavodunun nəzdində “Konkordiya” kooperativi fəaliyyət göstərirdi ki, bu da Zaqafqaziyada ən böyük şərab, konyak, araq istehsal edən müəssisə idi. Sovet hakimiyyəti dövründə Azərbaycanda ən böyük şərab istehsalı müəssisəsi olan bu kooperativ “Xanlar Aqrar-sənaye Kombinatı” adlanırdı. Konyak-spirt tutumunun həcminə görə kombinat Sovet İttifaqında üçüncü yeri tuturdu.



1955-ci ildən başlayaraq “Göygöl Şərab Zavodu” (keçmiş “Xanlar Şərab Zavodu”) tərəfindən istehsal edilmiş məhsullar Yuqoslaviyada, Macarıstanda, Çexoslavakiyada, Bolqarıstanda, Almaniyada, Tiflisdə, Yaltada keçirilən beynəlxalq şərab müsabiqələrində iştirak etmiş, yüksək dərəcəli mükafatlara layiq görülmüşdür.



Almanlar Helenendorf ərazisində pivə istehsalı üçün arpa zəmiləri salmışlar. Yerli iqlimin səxavətindən yararlanan almanlar tütünçülüyü də inkişaf etdirmişlər. Lakin, zaman keçdikcə üzümçülük və şərabçılıq Helenendorfda əsas təsərrüfata çevrilməyə başlayır.



Konyak, türlü şərablar üçün taxta çənlər azlıq etdiyinə və kənardan baha gəldiyinə görə yerli sahibkarlar Helenendorf Mexaniki Zavodun inşasını labüd sayırlar. Beləliklə, Forer qardaşlarının təsis etdiyi səhmdar cəmiyyət söz açdığımız zavodun inşasına qərar verir. Fəaliyyət dövründə zavodun üç yüzə yaxın işçisi olur.



Zavodda ən başlıcası, spirtli içkilərin saxlanması üçün palıd çənləri hazırlanır. Palıd oduncaqlarının doğranıb sıxılaraq formaya salınması üçün xüsusi sexlər açılır. Çənlər üçün dəmir şinlərin hazırlanmasından tutmuş yığılmasına qədər, bütün proseslər burada həyata keçirilir. Burada həm suvenir tipli xırda ölçülü, həm də yarım tonluq, bir tonluq, üç tonluq, beş tonluq nəhəng palıd çənləri hazırlanır.



Zavod öz fəaliyyətini təkcə şərab çənləri istehsal etməklə məhdudlaşmır, digər şərab zavodları üçün də ağır texniki avadanlıqlar istehsal edir. Bakıda, Gəncədə, Naxçıvanda, Şəmkirdə, Tovuzda, Füzulidə və başqa bölgələrdə fəaliyyət göstərən şərab zavodlarında lazım olan avadanlıqların hamısı Göygöl şərabçılıq üzrə mexaniki zavodda hazırlanır.



Mexaniki zavod həm də öz təcrübəli işçilərini bölgələrdəki şərab zavodlarına göndərib yeni texnologiyanı tətbiq etməyi öyrədirmiş. Eyni zamanda, bölgələrdəki şərab zavodlarının işçiləri də tez-tez Göygöl rayonuna ezam olunar, buradakı şərabçıların təcrübəsindən yararlanarmış.



Zavod həm də kənd təsərrüfatı üçün lazım olan dəmir əşyalar, misdən və çuğundan hazırlanmış məişət avadanlıqları istehsal edib öz mağazasında satırmış. Evlərin divarlarında quraşdırılmış alman istilik sobalarının da dəmir və çuğun ləvazimatları bu zavodda hazırlanırmış.



Bir sözlə, Göygöl rayonunda fəaliyyət göstərən bu mexaniki zavod ölkənin kənd təsərrüfatı və istehsal obyektləri üçün böyük önəm daşıyırmış. Hazırda isə, şəkillərdə göründüyü kimi, ölmüş bu nəhəng zavodun yalnız dəmir qabırğalarını görə bildik...

Forer qardaşlarının nəvələri babalarından qalan tikililəri yad etmək üçün Göygölə tez-tez gəlirlər. Qardaşlardan birinin nəvəsi Tomas Forer bir neçə dəfə Göygölə gəlib.

Murad Köhnəqala
AzVision.az

Teqlər: #Helenendorf   #Göy-göl   #Şərabçılıq   #Azərbaycanşərabı  




Rubrikanın digər yazıları