Üç rayona 8 milyon manat ayrılıb

Üç rayona 8 milyon manat ayrılıb
  12 Sentyabr 2017    Oxunub:1855
Prezident İlham Əliyev Hacıqabul, Şamaxı və Zərdab rayonlarında ərazilərin suvarma suyu ilə təminatı layihələrinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, sərəncamda qeyd olunub ki, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasında prioritet kimi müəyyən edilmiş regional tarazlığın təmin edilməsi istiqamətində müstəsna rol oynayan dövlət proqramlarının uğurla icrası nəticəsində ölkənin regionları yeni keyfiyyət mərhələsinə yüksəlmişdir. Dövlət proqramları bölgələrin hərtərəfli inkişafı sahəsində məqsədyönlü siyasəti özündə ehtiva etməklə, sahibkarlıq fəaliyyətinin genişlənməsində, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, əhalinin rifah halının daha da yaxşılaşmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində də əvəzsiz rol oynayır.

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində kənd təsərrüfatı sahəsində ərzaq təhlükəsizliyinin təmin olunması üçün bitkiçilik və heyvandarlıq sahələri inkişaf etdirilmiş, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi daha da yaxşılaşmışdır. İstehsalın stimullaşdırılması məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi kənd təsərrüfatı istehsalı sahəsində ilbəil dinamik inkişafın əldə edilməsini təmin edən amillərdən olmuşdur. Bu tədbirlər çərçivəsində Hacıqabul və Şamaxı rayonlarında 10000 hektarlıq və Zərdab rayonunda 10000 hektarlıq ərazinin suvarma suyu ilə təminatı layihəsinin icrasına başlanılmışdır.

Sərəncamla “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 8 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

AzVision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti