Bakı-Şamaxı yolu təmir olunacaq

Bakı-Şamaxı yolu təmir olunacaq
  13 Sentyabr 2017    Oxunub:3014
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 91-107-ci kilometrliyinin əsaslı təmirinə başlanılacaq.
Bu barədə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Qurum rəsmisi bildirib ki, həmin ərazinin bəzi hissələri aktiv sürüşmə zonalarından keçir: "Yolun həmin hissəsinin yenidən qurulması üçün sənədlər hazırlanıb, yollarda tikiləcək mühərrik istehkam qurğuları hesablanıb və layihə aidiyyəti orqanlara təqdim edilib. Yaxın vaxtlarda yolun həmin hissəsinin təmirinə başlanılacaq".

A.Nəcəfli qeyd edib ki, təmir zamanı yolda baş verəcək sürüşmə hallarının da qarşısı alınacaq.

Qurum rəsmisi vurğulayıb ki, həmin yolda aktiv sürüşmə olan hissələr "Azəravtoyol" ASC-nin əməkdaşları tərəfindən nəzarətdə saxlanılır: "Aktiv sürüşmə zonaları olan bu ərazilərdə tez-tez sürüşmə halları baş verir. Sürüşmələr də həmin ərazidən keçən yolun torpaq qatına təsirsiz ötüşmür. Burada çökmə olan zaman sürüşmənin yaratdığı fəsadların dərhal aradan qaldırılması və yolda hərəkətin bərpasına maneçilik törədilməməsi üçün həmin ərazilər nəzarətdə saxlanılır".

A.Nəcəfli deyib ki, hazırda yolda avtomobillərin hərəkətində problem yoxdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov isə Trend-ə açıqlamasında bildirib ki, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də uçqun, çökmə, axıntı tipli sürüşmə prosesi baş verib. Onun sözlərinə görə, sürüşmənin məhsulları yola tökülüb. Ə.Qaralov qeyd edib ki, bundan başqa, Şamaxı rayonunda bir necə il əvvəl inşa olunan Çuxuryurd-Qızmeydan yolunun 2-4-cü km-də sürüşmə sahəsində aktivlik müşahidə edilir.

Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 1-91-ci kilometrliyi yenidən qurulub. Adıçəkilən avtomobil yolu genişləndirilərək 2 zolaqlı yoldan 4 zolaqlı yola keçirilib.(Trend)


Teqlər: #Bakı-Şamaxıyolu  





Xəbər lenti