Qərb siyasətinə Şimaldan hücum – TƏHLİL

11:19   13 Sentyabr 2017    Oxunub: 2215
Qərb siyasətinə Şimaldan hücum – TƏHLİL

Rusiyanın "Qazprom" şirkətinin Avropa Birliyinə təbii qaz satması ilə bağlı yaranmış qeyri-muəyyənlik Birlik olkələrini, xüsusən Almaniyanı ciddi narahat edir. Belə ki, Rusiya 2019-cu ildə "Şimal axını-2" layihəsi vasitəsilə Baltik dənizinin dibilə Almaniyadan keçərək, Avropaya təbii qaz ixracatını artırmağı planlaşdırsa da, kəmərin çəkilməsinə bir çox maneələr yaradılır.

Bu layihənin həyata keçirilməsinə qarşı çıxan qüvvələr Polşa və Ukrayna, habelə Baltikyanı respublikalardır. Bu ölkələr Rusiya qazının istehlakçısı olmaqla yanaşı, eyni zamanda, tranzit ölkə olduqlarından "Şimal axını - 2" layihəsinin reallaşması bu dövlətləri çıxılmaz vəziyyətə salacaqdır. Belə ki, "Forbes", "Moody's", "Financial Times"ın hesablamalarına görə, Ukrayna Rusiya qazının ixracatından tranzit ölkə kimi əldə etdiyi 10 faizdən məhrum olacaq, güzəştli şərtlərlə qaz istehlakı imkanlarını itirəcək. Nəticədə, Ukrayna iqtisadiyyatında çox dərin böhran başlaya bilər.

Ukraynanın ildə 2 milyard dollar itirəcəyi proqnozlaşdırılır ki, bu da büdcə gəlirinin 10 faizi civarındadır. Milli valyutanın dollara nisbətdə inflyasiyaya məruz qalması ölkə iqtisadiyyatında və əhalinin güzəranında böyük çətinliklər yaranmasina səbəb olacaq. Yeni boru kəmərinin çəkilməsi ilə Ukrayna "Qazprom"un Avropaya verdiyi təbii qazdan tranzit ölkə kimi deyil, həm də istehlakçı kimi məhrum olacaq. Əhalini və kommersiya şirkətlərini təbii qazla təchiz etmək üçün yenidən öz ərazisinə Avropadan qaz kəməri çəkməlidir ki, bu, həm də yeni infrastrukturun yaradılmasını tələb edir. Eyni zamanda, Ukrayna artıq qazı Rusiyadan əvvəlki güzəştli qiymətə yox, dünya bazarındakı qiymətlərə almalı olacaq ki, bu da ölkə iqtisadiyyatını tam çökdürə bilər.

"Şimal axını-2"-nin istifadəyə verilməsi 2019-cu ildə nəzərdə tutulur. Həmin ildə isə Ukraynanın xaricdən aldığı 14 milyard dollar kreditin ödənilməsi başa çatmalıdır. Bunları nəzərə alaraq, 2 il sonra Ukraynanın iqtisadi cəhətdən süqut edəcəyini proqnozlaşdırmaq çətin deyil.

Bu layihədən ən çox udan ölkə isə şübhəsiz, Almaniya olacaq. Belə ki, AFR Avropada onsuz da güclü olan siyasi-iqtisadi qüdrətini artıraraq, digər birlik ölkələrini özündən enerji asılılığı vəziyyətinə salaraq, Avropa Birliyində əsas söz sahibi olmasını təsdiqləyəcək. Tranzit ölkələrə əlavə xərc ödənilməyəcəyi üçün təbii qaz Almaniyaya daha ucuz başa gələcək, alman şirkətləri Polşa və Slovakiyanın qaz şirkətlərini Avropa bazarından sıxışdırıb çıxaracaq.

Avropa Birliyinin Komissiyası "Qazprom"la danışıqları özü aparmaq üçün mandat istəsə də, hələlik buna nail ola bilmir. Buna bir neçə maneə var: Merkelin bu məsələdə AB-yə mandat verməməsi. Almaniya və müttəfiqi Avstriyanın Rusiya ilə qaz sövdələşməsindən gözlədiyi dividendlər o qədər böyükdür ki, hətta Avropa Birliyi ilə münasibətləri kəskinləşdirməkdən belə, çəkinmir. ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalara baxmayaraq, bunun əleyhinə çıxır və enerji əməkdaşlığını davam etdirməkdə israrlıdır. Fransa, İsveçrə, Hollandiya, Çexiya da Birlik daxilində Almaniyanın mövqeyini dəstəkləyərək, Rusiya ilə əməkdaşlığı davam etdirməkdə maraqlıdırlar.



Avropa Birliyi Komissiyasının tək ümidi bu ilin sentyabrında Almaniyada baş tutacaq seçkilərədir. Əgər Merkel hakimiyyətdən gedərsə, onu əvəz edəcək siyasi qüvvələrlə bu mövzuda anlaşmaq AB-yə yenidən mandat məsələsində yol aça bilər. Lakin hüquqi baxımdan AB-nin bu məsələdə danışıqlarda tərəf kimi iştirakı doğru deyil. Bunu məhdudlaşdıran səbəb ondan ibarətdir ki, Avropa Birliyi ittifaq daxilindəki ərazilərdə yurisdiksiyaya malikdir, "Şimal axını - 2" isə ofsor ərazidə, dənizin altında olan layihədir və Birliyin buraya müdaxilə etmək hüququ yoxdur.

Avropa Komissiyasının mandat tələbinin əsasında isə Rusiyanın Ukraynanı qaz tranzitindən tamamilə kənarlaşdırmasına mane olmaq dayanır. Komissiya Rusiyadan Ukrayna vasitəsilə tranzit etdiyi qazın tam kəsilməməsini, heç olmasa indikinin 1/5 həcmində saxlanmasını xahiş etmək mövqeyi tutur. Lakin Almaniya başda olmaqla adını çəkdiyimiz bəzi Avropa ölkələri bütün geosiyasi maraqları, hətta ABŞ-ın narazılığını nəzərə almadan, qarşıdakı iki il ərzində layihə vasitəsilə öz enerji asılılığını tam azaltmaq strategiyası yürüdürlər. Avropa Birliyi Komissiyasının mandat ala bilməməsinə əsas səbəblərdən biri bunun üçün AB əhalisinin 65 faizinin yaşadığı ölkələrin səsini qazanmaqdır ki, Birlik daxilində əhalisi çox olan Almaniya və Fransanın əleyhinə, İtaliyanın bitərəf mövqe tutması mandat məsələsinə mane olur.

ABS-ın Rusiyaya sanksiya tətbiq etməsindən sonra AB mandat məsələsini təxirə salaraq, ABS-la mübarizəyə girişib. Çünki ABŞ-AB razılaşmasına görə sanksiyalar enerji məsələsinə toxuna bilməz, bu zaman Rusiya ilə yanaşı Avropa ölkələri özü də əziyyət çəkir. Lakin ABŞ-ın bu razılaşmaya əməl etməməsi Avropanı ciddi şəkildə anti-Amerika mövqeyi tutmağa sövq edib. Əgər bu cür davam edərsə, AB heç şübhəsiz, bir çox vasitələrlə ABŞ-a cavab hücumu edəcək. Bunun üçün o, Ümumdünya Ticarət Təşkilatı və başqa beynəlxalq təsisatların yardımından da yararlana bilər. Lakin Rusiyanın özü də hətta sanksiyaların Avropa şirkətlərinin fəaliytərini məhdudlaşdıracağı təqdirdə belə, enerji layihələrini həyata keçirmək iqtidarındadır. Ölkənin xarici borclarının aşağı həddə olması buna tam imkan verir.

ABŞ-ın Ukraynanı, AB Komissiyasının isə tranzitindən gələn gəlirlər hesabına yaşayan yoxsul Birlik üzvlərini müdafiə etmək cəhdlərinə baxmayaraq, "Şimal axını - 2"-nin qarşıdakı 2 ildə nəinki Avropa Birliyindəki, habelə ABŞ-Avropa, ABŞ-Rusiya münasibətlərini əsaslı şəkildə dəyişikliyə uğradacağını söyləmək mümkündür.


Nəzakət Məmmədova
AzVision.az üçün


Teqlər: #Şimal-axını   #Rusiya   #Ukrayna   #Avropa-Birliyi   #Almaniya  




Rubrikanın digər yazıları