Güney Qafqazda yeni geosiyasi ox yaranır- Yenilənir

Güney Qafqazda yeni geosiyasi ox yaranır- Yenilənir
  14 Sentyabr 2017    Oxunub:5474
Rusiyanın paytaxtı Moskvada “Prezident” oteldə “Bakı-Moskva oxu: Qafqazın yeni geosiyasətinə doğru” adlı konfrans öz işinə başlayıb.
AzVision.az xəbər verir ki, Geosiyasi Ekspertizalar Mərkəzi və İzbor klubunun təşkil etdiyi konfransın əsas məqsədi Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti və perspektivlərini müzakirə etməkdir. Tədbirin təşkilatçılarından biri olan Geosiyasi Ekspertizalar Mərkəzinin rəhbəri Aleksandr Duqin deyib ki, bu gün Rusiya-Azərbaycan geosiyasi oxunun yaranması xüsusilə aktualdır, çünki indi Azərbaycan əvəlki kimi deyil: “Bu gün Azərbaycan öz hədəfləri olan güclü dövlətdir, Cənubi Qafqazın pələngidir. Regional və beynəlxalq siyasətdə rol oynayan qüvvədir. Onun müdrik rəhbəri var”.



Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putinin arasında tam anlaşma və yaxşı münasibətlərin olduğunu deyən Duqin əlavə edib ki, bu yaxınlıq ölkələrin və xalqların münasibətlərini daha da sıxlaşdıra bilər. “İzbor” klubunun rəhbəri, yazıçı, jurnalist və politoloq Aleksandr Proxanov deyib ki, Bakıda olarkən Azərbaycanın can atdığı hədəfləri, “Azərbaycan arzusu”nu hiss edib: “Biz ruslar da qardaş azərbaycanlılar kimi ədalətli və gözəl dünya qurmağı arzulayırıq. İki doğma xalq olaraq biz bu arzumuza doğru birlikdə getməliyik”.



Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, ölkələrimiz son illərdə ən mürəkkəb vəziyyətdə bir-birini dəstəkləməklə, münasibətlərin yaxınlığını sübut ediblər: “Bu, hər şeydən əlavə, bizim siyasi mədəniyyətimizin də göstəricisidir”. Komitə sədri vurğulayıb ki, son illərdə sıxlaşan Rusiya-Azərbaycan hərbi münasibətləri regional təhlükəsizliyin qorunmasında böyük rol oynayır. Əli Hüseynli əmin olduğunu deyib ki, yaradılan yeni format ölkələrin yaxınlaşmasında ciddi rol oynayacaq.



Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanov isə bildirib ki, İkinci dünya müharibəsi zamanı Azərbaycanın qələbə qazanmaqda rus xalqına böyük köməyi dəymişdi: “Mənim atam döyüşdə yaralanıb, Bakıda müalicə olunmuşdu. Bu gün də vaxtilə onun yatdığı yerdə xatirə lövhəsi asılıb. Bu gün də Amerika bizə qarşı müharibə aparır. Biz bu mübarizəni uduzsaq, çox pis olacaq”.

Konfransda çıxış edən Azərbaycan Rus İcmasının rəhbəri, millət vəkili Mixail Zabelin isə deyib ki, Azərbaycan xalqı Rusiya ilə münasibətlərin yaxşılaşmasından çox xoşbəxtdir: “Bizim münasibətlərdə çətin dövrlər olub, amma hər iki dövlətin iradəsi ilə o mərhələni aşmışıq. Bu gün iki ölkə kifayət qədər yaxındır, Azərbaycanda rus dilinə olan maraq yenidən getdikcə artır. Azərbaycanda yaşayan ruslar özlərini ölkənin tamhüquqlu vətəndaşı kimi hiss edirlər. Biz artıq şey istəmirik də. Müharibə illərində rus gəncləri də Azərbaycanı müdafiə edib və bu ölkənin, xalqın yolunda canından keçiblər. Dağlıq Qarabağ konflikti bu gün də bizi çox narahat edir. Düşünürəm ki, biz birlikdə onu həll etməliyik”.

Daha sonra çıxış edən Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev qeyd edib ki, Rusiyanın bir çox ölkələrlə münasibətlərinin sınaqdan çıxdığı bu günlərdə Azərbaycanla münasibətləri əksinə, möhkəmlənmə dövrünü yaşayır: “Rusiya öz cənub qonşusunun simasında etibarlı və proqnozlaşdırıla bilən bir müttəfiq tapıb. Azərbaycan öz potensialından düzgün istifadə edərək, Cənubi Qafqazda lider mövqelərinə yiyələnib. Biz imkanlardan istifadə edərək, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmalıyıq”

Xəbər yenilənir….

Vüsal Məmmədov
AzVision.az



Teqlər: Azərbaycan   Rusiya  





Xəbər lenti