Müəllimlərə sertifikatlar verilib

Müəllimlərə sertifikatlar verilib
  14 Sentyabr 2017    Oxunub:1522
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin ibtidai sinif müəllimləri növbəti seminarda iştirak ediblər.
İdarədən AzVision.az-a verilən məlumata görə, "İbtidai siniflərdə demokratik vətəndaşlıq və insan hüquqlarının tədrisi metodikası" mövzusunda 4-cü dəfə keçirilən seminar Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun təşkilatçılığı ilə Avropa Birliyi və Avropa Şurasının birgə layihəsi çərçivəsində reallaşıb.

Dörd gün davam edən seminara Avropa Şurasının ekspertləri Olena Stislavska və Majena Rafalska moderator kimi qatılıblar.

Seminarın keçirilməsində əsas məqsəd ibtidai sinif müəllimlərini Uşaq Hüquqları Konvensiyası haqqında ətraflı məlumatlandırmaq və onların bu barədə şagirdləri maarifləndirməsinə kömək etməkdən ibarətdir.

Qeyd edək ki, "İbtidai siniflərdə demokratik vətəndaşlıq və insan hüquqlarının tədrisi metodikası" mövzusunda bu ilin ötən dövründə 2 təlim çərçivəsində 4 seminar keçirilib. Yanvar, may, iyun və sentyabrda təşkil olunan seminarlarda müsahibə yolu ilə seçilən 70 müəllim iştirak edib. Onlardan ardıcıl olaraq 2 seminara qatılan 50-ə yaxın müəllimə sertifikat verilib.

AzVision.az


Teqlər: müəllim   sertifikat  





Xəbər lenti