Məmmədyarov laoslu tələbələrlə görüşüb

Məmmədyarov laoslu tələbələrlə görüşüb
  16 Sentyabr 2017    Oxunub:1275
Xarici işlər naziri Elmar Məmmədyarov Laos Xalq Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanda təhsil almış laoslu tələbələr qrupu ilə görüşüb.
XİN-dən AzVision.az-a verilən xəbərə görə, nazir Elmar Məmmədyarov təhsil sahəsinin Azərbaycan və Laos arasında ikitərəfli humanitar münasibətlərdə xüsusi yer tutduğunu və bu sahədə tarixə söykənən ənənəvi əməkdaşlığın davam etdirilməsi və irəlilədilməsinin vacib olduğunu qeyd etdi. O həmçinin, Laosa rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlərdə təhsil sahəsində əlaqələrin inkişafı üçün qarşılıqlı xoş niyyətin ifadə edildiyini bildirdi.

Görüşdə məzunlar adından çıxış edən natiqlər, Laosun hakim partiyasının Beynəlxlaq əlaqələr komitəsinin rəhbəri, Attepeu əyalətinin qubernatoru, xarici işlər nazirinin müavini və mədənçilik və enerji nazirinin müavini Azərbaycan və Laos arasında dostluq körpüsünün əsasını qoyduqlarını bildirərək, müxtəlif dövrlərdə göstərilmiş kömək və dəstəyə görə Azərbaycana təşəkkür etdilər. Həmçinin Azərbaycanda təhsil almış tələbələrin hazırda Laosun müxtəlif dövlət qurumlarında yüksək vəzifələrdə çalışdıqlarını əlavə etdilər.

Onlar həmçinin Azərbaycanda təhsil almış laoslulardan ibarət Assosiasiyanın yaradılması təşəbbüsü ilə çıxış etdilər. Nazir E.Məmmədyarov Assosiasiyanın yaradılmasının humanitar sahədə, xüsusilə təhsil sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsinə töhvə verəcəyini vurğuladı və təşəbbüsü dəstəklədiyini bildirdi.

AzVision.az


Teqlər: Laos   XİN   Azərbaycan  





Xəbər lenti