“Bakı kəndlərində qızlara qadağa qoyulub”

“Bakı kəndlərində qızlara qadağa qoyulub”
  18 Sentyabr 2017    Oxunub:4473
“Bu gün Bakının kəndlərində valideyn 14-15 yaşında olan qızını məktəbdən çıxarıb nişanlayır. Əvvəl qızı daha erkən yaşda ərə verirdilər, indi isə qanunvericilik sərtləşdirildiyindən qızı 2-3 il nişanlı saxlayıb, sonra toy edirlər”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında millət vəkili Gövhər Baxşəliyeva deyib.
Deputat bildirib ki, hazırda ən ucqar kəndlərdə belə qızları oxudurlar, qızlar 11-ci sinfi bitirib, ali məktəbə qəbul olurlar, amma Bakı kəndlərində isə qızlara qadağa qoyulub.

“Bunun səbəbini soruşduqda isə cavab olaraq “əgər biz qızı məktəbə göndərsək, kənd camaatı bizi qınayar” deyirlər. Biz bu streotipi ləğv etməliyik. Bununla razılaşmaq olmaz. Bütün klassiklər ilk növbədə anaların savadlı olmasını vurğulayıb. Əgər biz gələcək üçün yüksək təhsilli nəsil haqqında danışırıqsa, ilk növbədə o nəsil təhsil almalıdır. Bu gün qarşılaşdığımız problemlər, eləcə də Nardarandakı problemlər belə hadisələrlə bağlıdır”.

G.Baxşəliyeva təklif edib ki, həmin kəndlərin daxil olduğu rayonların icra başçıları və təhsil şöbələri oranın məktəb müəllimləri ilə danışaraq tədbirlər keçirilsin:

“Sovet dövründə kim dərsə getmirdisə, müəllimlər bir-bir evlərə gedib səbəbini soruşardı. Məsələyə ciddi yanaşılırdı. İndi nədənsə müəllimlər də, məktəblər də bu məsələnin qarşısında susurlar. Bu hal hətta kütləvi xarakter daşıyır. Bakı kəndlərində “qız uşağı nədir, 8-9 sinifdən sonra təhsil almaq nədir” fikri geniş yayılıb. Bu istiqamətdə hər birimizin əməli şəkildə iş görməsinin tərəfdarıyam”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: Milli-Məclis   Məktəb   Deputat  





Xəbər lenti