Dərsliklər monopoliyaya alınıb? - Deputat tenderdə uduzub

Dərsliklər monopoliyaya alınıb? - Deputat tenderdə uduzub
  18 Sentyabr 2017    Oxunub:2270
Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Musa Qasımlı dərsliklərin yazılmasında inhisarçılığın olduğunu deyib. Deputat bildirib ki, bir tarixçi paleolitdən bu günə qədərki dövrü yaza bilməz və dərsliklərdə xronologiya olmamalıdır, millətçilik, dövlətçilik aşılanmalıdır.
Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov AzVision.az-a bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dərslik yazma ənənəsi tamamilə yeni müstəviyə qədəm qoyub.

Onun sözlərinə görə, müstəqilliyin ilk illərində dərsliklərlə bağlı ciddi problemlər olub: “Bu zaman mütərəqqi tarixçilər, ziyalılar bir araya gəlib dərslik prinsiplərinin əsasını qoydular. Onların 90-cı illərin gərgin dövründə atdığı bu addım indiki şərait üçün bəsit ola bilərdi, amma o zaman üçün inqilabi hadisə idi. Artıq Azərbaycan güclü dövlətə çevrilib. Artıq təhsilin heç bir sahəsi üzrə problem yaşamırıq. Təhsil Nazirliyi özünə lazımlı və dövlət strategiyasını əks etdirən, dövlətin fundamental dəyərlərini özündə əks etdirən dərsliklər sifariş verir və bu zaman dərsliklər peşəkar ekspertlərin yoxladığı tender vasitəsi ilə seçilir”.

K.əsədov bildirib ki, 2014-cü ilə qədər eyni müəllif qrupu tərəfindən dərsliklərin yazılmasının şahidi olurduq. “Amma bu, o demək deyil ki, dərsliklərin yazılmasında monopoliya olub. Sadəcə olaraq, o şəxslər Azərbaycanda elmin inkişafında, populyarlıq qazanmasında müstəsna rol oynayan şəxlər idilər. Onların yazdığı dərsliklər tenderin qalibi olub. Onlar məktəbşünaslıq, orta məktəblər üçün dərslik yazılması işini mütərəqqi şəkildə bilən insanlar olublar. Bir neçə nümunəyə baxaq. Azərbaycanın son illərdə tarix elminin inkişafında, dərindən milli dəyərlər qorumaqla araşdırmasında aparıcı şəxs olan Akademik Yaqub Mahmudov uzun müddət orta məktəb dərsliklərinin müəllifi və baş redaktoru olub. Məhz olun rəhbərliyi altında tarix elmimiz sistemli şəkilə düşüb. Dövlətçilik, milli dəyərlər, türkçülük tarix dərsliklərimizin əsasını təşkil edib. Ondan sonra dərslik yazanlar məhz Akademik Yaqub Mahmudov məktəbinin yetirmələri idi. Məhz mən də bu il orta məktəblər üçün kurikulum ilə X sinif Azərbaycan Tarixi və Ümumi Tarix dərsliklərinin yazılmasına iştirak edib, tenderə qoşuldum”.

Ekspertin sözlərinə görə, tenderdə dərsliyi keçməyən bir neçə iddiaçı arasında millət vəkili, akademik Yaqub Mahmudovun komandası da var idi.

“Əgər monopoliya olsaydı, heç bir idarəçi gücü olmayan biz yox, məhz Akademik Yaqub Mahmudovun komandası hər il olduğu kimi qalib gələrdi”

Ekspert qeyd edib ki, hal-hazırda dərslik yazmaq işində monopoliya yoxdur. Onun sözlərinə görə, standartlarına cavab verən, ən yüksək qiymət verilmiş dərsliklər qalib elan olunur və orta məktəblərə istifadə üçün göndərilir.

Aytən Zəhra
AzVision.az



Teqlər: Dərslik  





Xəbər lenti