AZAL 134 nəfəri “qara siyahı”ya salıb

AZAL 134 nəfəri “qara siyahı”ya salıb
  19 Sentyabr 2017    Oxunub:4589
Hal-hazırda “Azərbaycan Hava Yolları”nın (AZAL) “Arzuolunmaz sərnişinlərin siyahısı”na 134 nəfər daxildir.
Bu barədə AzVision.az-ın sorğusuna cavab olaraq AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

AZAL rəsmisinin sözlərinə görə, sərnişinlər aviasiya təhlükəsizliyinin müəyyən olunmuş normaları, qaydaları və tələblərini pozduğu halda məsuliyyət daşıyır.

“Hava gəmisinin göyərtəsində sərnişinin davranışı digər sərnişinlər, əşyalar, hava gəmisi və ya onun ekipajı üçün təhlükə törətməməlidir. Uçuş zamanı hava gəmisində sərnişinlərə siqaret çəkmək, göyərtədə sərxoş vəziyyətdə olmaq, təyyarənin qalxması və enişi zamanı elektron vasitələrdən istifadə etmək qadağandır. Telefon cihazından yalnız uçuş rejimini aktivləşdirdikdə istifadə etmək mümkündür. Sərnişin bu qayda pozuntularına yol verdikdə ona qarşı akt tərtib olunur və o, aviaşirkətin “Arzuolunmaz sərnişinlər siyahısı”na daxil edilir”.

P.Kəsəmənski qeyd edib ki, “Azərbaycan Hava Yolları”nın (AZAL) “Arzuolunmaz sərnişinlərin siyahısı” ilə aviaşirkətin saytında tanış olmaq mümkündür. “Saytda bununla bağlı xüsusi bir bölmə mövcuddur ki, burada sərnişinin adı, soyadı və passport nömrəsini yazaraq sərnişinin arzuolunmaz sərnişinlərin siyahısında olub-olmaması və əgər siyahıya daxil edilmişdirsə, hansı səbəbdən daxil edilməsi barədə məlumat almaq mümkündür”.

Aytən Zəhra
AzVision.az


Teqlər: AZAL  





Xəbər lenti