Dilqəmin oğlu ATƏT-in sammitində çıxış etdi: “Atamı ermənilər oğurlayıb”

  19 Sentyabr 2017    Oxunub : 27574
Dilqəmin oğlu ATƏT-in sammitində çıxış etdi: “Atamı ermənilər oğurlayıb”

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov ATƏT-in Varşavada keçirilən sammitində çıxış edib.

AzVision.az-ın məlumatına görə, K.Əsgərov çıxışı zamanı atasının Kəlbəcərermənilər tərəfindən oğurlandığını, hazırda səhhətinin ağır olduğunu deyib.

"Artıq 7 aydır atamdan heç bir xəbər yoxdur. Sonuncu dəfə mart ayında atamdan məktub almışıq. Səhhətində ciddi problemlər var, ürəyində, başında və belində şiddətli ağrılar var. 2014-cü ildə atam Kəlbəcərdə nənəmin qəbrini ziyarət etməyə getmişdi və erməni əsgərləri tərəfindən oğurlandı. O zaman atamın çəkisi 95 kiloqram idi, indi isə 45 kiloqramdır.

Bizim ailəmiz çox pis vəziyyətdədir. Biz hələ də bilmirik ki, atamı niyə həbs ediblər. Onun heç bir günahı yoxdur. Atam xəstə, yaşlı adamdır. Ailəmiz 4 ildir ki, başsız qalıb. Hər dəfə atamdan məktub alanda çox böyük stress keçiririk. Sizin hamınızın övladları var. Axşam evdə uşaqlarınızla vaxt keçirirsiz. Mən də atamı görmək istəyirəm, atamla oturub söhbət etmək istəyirəm. İstəyirəm ki, ad günümdə atam yanımda olsun. Burada çox böyük diplomatlar və səfirlər əyləşib. Qlobal məsələləri müzakirə edirsiz. Sizdən xahiş edirəm ki, atam Dilqəm Əsgərovun tezliklə azadlığa çıxmasına çalışasınız. Çünki, mənim atamın heç bir günahı yoxdur. Günahsız insanların girovluqda saxlanılması doğru deyil. Və siz bunu yaxşı bilirsiniz".

Qeyd edək ki, sammitdə 57 ölkənin diplomatları, həmçinin insan haqları təşkilatları və media mənsubları iştirak edir.

K.Əsgərov Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun (ADİHİ) rəhbəri Əhməd Şahidovun dəstəyi ilə Sammitə qatılıb.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Ermənistanın işğalı altında olan Azərbaycan ərazisi Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyevlə bağlı qanunsuz məhkəmə prosesi aparılıb. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.



Hafiz Əhmədov
AzVision.az




Teqlər: Kəlbəcər-girovu   Dilqəm-Əsgərov