Ermənistanla əməkdaşlığı dayandırın! - Nyu-Yorkda çağırış edildi

  20 Sentyabr 2017    Oxunub : 2314
Ermənistanla əməkdaşlığı dayandırın! - Nyu-Yorkda çağırış edildi

BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Təmas qrupunun iclası keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası adından çıxış xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən təqdim olunub. Həmçinin İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Təmas qrupuna daxil olan digər üzv dövlətlərin nümayəndələri və İƏT-in Baş katibliyinin rəsmiləri çıxış ediblər. Təmas qrupunun ikinci iclasının hesabatı nəzərə alınması və tədbirlər görülməsi üçün İƏT xarici işlər nazirlərinin koordinasiya iclasının gündəliyinə daxil ediləcək və üzv dövlətlərə təqdim olunacaq.

Təmas qrupuunn ikinci iclasında Azərbaycan tərəfindən təqdim olunan çıxışda qrupun sonuncu görüşündən sonra Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərində münaqişənin tənzimlənməsi istiqamətində vəziyyətin nəinki dəyişməz qaldığı, hətta cəbhə xəttində toqquşmaların intensivləşdiyi və cəbhə xəttinə yaxın ərazilərdə yaşayan mülki Azərbaycan əhalisinin qəsdən öldürməsi hallarının daha da artdığı qeyd olunub.

Bu il Ermənistan qoşunları tərəfindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin dinc əhalisinə qarşı törədilən vəhşilik cinayətlərinin 20-ci ildönümünü olduğu xatırladılaraq, İƏT-in bütün üzv dövlətlərinə Abican şəhərində İƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 44-cü sessiyasında qəbul edilmiş "1992-ci il Xocalı qırğınının qurbanları ilə həmrəylik" başlıqlı qətnaməni dəstəklədikləri üçün minnətdarlıq ifadə olunub. Həmçinin, İƏT-in üzv dövlətlərinə Xocalı şəhəri və digər işğal olunmuş Azərbaycan ərazilərində törədilmiş müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və soyqırım hallarının milli və beynəlxalq səviyyədə tanınması üçün səy göstərməyə çağırış edilib.

BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin əsas tələblərinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyi qeyd olunaraq, 20 ildən artıq müddət ərzində ATƏT-in Minsk qrupu tərəfindən aparılan vasitəçilik səylərinin hələ nəticə vermədiyi vurğulanıb. Toplantı iştirakçılarına bu il iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin hədəflənmiş şəkildə və qəsdən atəşə tutması nəticəsində biri uşaq olmaqla, iki mülki şəxsin həlak olması, bir nəfərin isə ağır yaralandığı barədə məlumat verilib.

Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İƏT-in müvafiq qətnamə və qərarlarının tələblərini rəhbər tutaraq, bütün üzv dövlətlərə münaqişəni gücləndirəcək və Ermənistanı Azərbaycan torpaqlarının işğalının davamına şərait yaradacaq hər hansı bir silah və hərbi avadanlıqla təchiz etməkdən çəkinməyə və bu cür avadanlıqların daşınması üçün öz ərazilərindən tranzit məqsədilə istifadə edilməsinə imkan verməməyə çağırış edilib.

Həmçinin, İƏT qətnamələrinin tələblərinə uyğun olaraq üzv dövlətlərin Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasına dəstək vermək üçün lazımi siyasi-iqtisadi tədbirlər həyata keçirilməli, işğal olunmuş ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətlərdən kənar durmalı olduqları, Ermənistanla bütün növ əməkdaşlığı məhdudlaşdırmalı olduqları vurğulanıb.

Bildirilib ki, ölkəmiz Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı gücdən qanunsuz istifadə və Azərbaycan ərazilərinin işğalının qəti pislənilməsinə dair İƏT-in ədalətli və prinsipial mövqeyi əsasında İslam ümmətinin davamlı həmrəyliyinə güvənir.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: XİN   İƏT   Qarabağ