Əli Hüseynli komitənin iş planını açıqladı

Əli Hüseynli komitənin iş planını açıqladı
  20 Sentyabr 2017    Oxunub:1275
Sentyabrın 20-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.
Komitə sədri Əli Hüseynli gündəlikdəki məsələlər barədə məlumat verib. Ə.Hüseynli əvvəlcə 2017-ci ilin yaz sessiyasında 24 iclasın keçirildiyini qeyd edib. Həmin iclaslarda 112 məsələ müzakirə olunub və onlardan 103-ü qanun, 7-si qərar layihəsi olub. Yaz sessiyası dövründə komitəyə 203 sənəd daxil olub. Komitə adından müxtəlif orqanlara həmin məktublara baxılması üçün 194 məktub göndərilib.

Sonra 2017-ci ilin payız sessiyasında görüləcək işlər barəsində danışan sədr bir sıra qanun layihələrinin müzakirə olunacağını diqqətə çatdırıb.

İclasda “Polis haqqında”, “Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihələr müzakirə olunub. Bildirilib ki, təklif olunan dəyişikliklər texniki xarakterlidir.

Sonra deputatlar “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişikliklər edilməsi barədə layihəni nəzərdən keçiriblər.

Qeyd olunub ki, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərarlar çıxarırlar. Nəzərdə tutulan dəyişikliklər “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə verilmiş tapşırıqların icrası ilə bağlı hazırlanıb. Bu dəyişikliklərin məzmunu inzibati-iqtisadi məhkəmələrin iqtisadi mübahisələrlə bağlı qərarlarının qəbul olunduğu gündən bir aydan gec olmayaraq elektron qaydada yayılması imkanının yaradılmasından ibarətdir.

Həmçinin “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunda dəyişiklər edilməsi barədə layihəyə baxılıb.

Bildirilib ki, dəyişikliklər qanunsuz balıq ovu ilə mübarizəni gücləndirmək məqsədilə təklif edilir. “Balıqçılıq haqqında” Qanuna əsasən balıq və digər su bioresurslarının ovu müvafiq icra hakimiyyəti orqanının (Nazirlər Kabinetinin) müəyyən etdiyi qaydalara uyğun həyata keçirilir. “Balıq və digər su bioresursları ovunun qaydaları”nın təsdiq edilməsi haqqında 2017-ci il 2 iyun tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən elektrik cərəyanının tətbiq edilməsi ilə, həmçinin kapron və kətan liflərdən hazırlanmış torlar istisna olmaqla, digər sintetik saplı və təksaplı torlarla balıq və digər su bioresurslarının ovu qadağandır. Qanun layihəsi hazırlanarkən bu sahədə beynəlxalq hüquq təcrübəsi və müxtəlif ölkələrdə tətbiq edilən standartlar əsas götürülüb.

İclasda “İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi barədə müzakirələr aparılıb.

Qeyd olunub ki, dəyişikliklər “Reklam haqqında” Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli Qanunun müvafiq maddələrinin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 213-cü və 428-ci maddələrinə əsasən inzibati məsuliyyət yaratmaq məqsədilə təklif edilib.

Gündəlikdəki məsələlərlə əlaqədar müzakirələr zamanı deputatlar dəyişikliklər barədə fikir və təkliflərini səsləndiriblər.

Sonda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

AzVision.az


Teqlər: Milli-Məclis   İclas  





Xəbər lenti