Prezident BMT-də “ASAN xidmət”i nümunə göstərdi

  20 Sentyabr 2017    Oxunub : 893
Prezident BMT-də “ASAN xidmət”i nümunə göstərdi

“Bu gün Azərbaycan nəinki sənaye və kənd təsərrüfatı, o cümlədən əqli məhsullarını ixrac edir. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – “ASAN xidmət” ictimai münasibətlərin və xidmətlərin müasir modelidir”.

AzVision.az-ın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışında deyib.

Ölkə rəhbəri bildirib ki, eyni yerdə 251 xidmətin göstərilməsi, tam şəffaflıq, korrupsiya və rüşvətxorluğun sıfıra endirilməsi “ASAN xidmət”i bir çox ölkələr üçün cəlbedici edib: “Sırf Azərbaycan brendi olan “ASAN xidmət” yaradıldığı gündən ötən 5 il ərzində 5 milyon insana 1 milyon 600 min xidmət göstərib. Müraciətlərin ümumi sayı 17 milyona çatıb. “ASAN xidmət”in ictimaiyyət tərəfindən bəyənilməsi 98 faiz təşkil edir.

2015-ci ildə dövlət xidmətlərinin əhəmiyyətli dərəcədə sadələşdirilməsinə, təkmilləşməyə verdiyi töhfəsinə və yaradıcı olmağına görə “ASAN” Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidməti Mükafatına layiq görülmüşdür. Siyasətimizin əsas məqsədi vətəndaşlarımızın rifah halının daha da yaxşılaşdırılmasıdır. 2004-cü ildən etibarən ölkəmizdə əmək haqları 5,6 dəfə, pensiyalar 8,2 dəfə artmışdır”.

Prezident bildirib ki, xarici maliyyə dəstəyi olmadan Azərbaycan erməni işğalından əziyyət çəkən qaçqın və məcburi köçkünlər üçün təxminən 100 yeni qəsəbə və şəhərcik salıb: “Bu günə qədər 250 mindən artıq insanın həyat şəraiti yaxşılaşdırılıb, onlara yeni evlər və mənzillər verilib. Həmin şəhərcik və qəsəbələrdə 152 məktəb, 59 tibb mərkəzi və 60 bağça tikilmişdir.

Ümumilikdə, 2004-cü ildən başlayaraq 3000-dən artıq məktəb, 600-dən çox xəstəxana və tibb mərkəzləri tikilmiş, yaxud təmir edilmişdir. Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Hər il 5 milyondan artıq insan, yəni ölkə əhalisinin yarısı tamamilə dövlət büdcəsindən maliyyələşən tibbi yoxlamadan keçir”.

İlham Əliyev qeyd edib ki, Azərbaycan qlobal enerji bazarında mühüm rol oynayır. Beynəlxalq bazarlarda etibarlı neft və qaz təchizatçısı olan Azərbaycan dünyanın bir çox ölkələri üçün enerji təhlükəsizliyini təmin edir.

"Bu gün Azərbaycan öz beynəlxalq tərəfdaşları ilə birlikdə “Cənub Qaz Dəhlizi” layihəsinin başa çatdırılmasına çox yaxındır. Sərmayələrinin həcmi 40 milyard dollara çatan bu layihə dünyanın ən iri infrastruktur layihələrindən biridir. Digər mühüm prioritet nəqliyyatdır. Avropa ilə Asiya arasında yerləşən Azərbaycan Avrasiyada aparıcı nəqliyyat qovşaqlarından birinə çevrilmək istiqamətində öz coğrafi mövqeyindən müdrikcəsinə istifadə edir.

Son illərdə Azərbaycanda 6 beynəlxalq hava limanı tikilmiş, 11 min kilometr müasir şosse və yollar çəkilmişdir. Xəzər dənizində Azərbaycanın 270 gəmidən ibarət ən iri ticarət donanması var. Azərbaycanda müasir gəmiqayırma zavodu bütün növ və ölçüdə gəmiləri tikməyə qadirdir. Azərbaycan özünün dəmir yol infrastrukturunu müasirləşdirir. Ərazimizin tam əksəriyyəti dəmir yolları ilə əhatə olunur.

Gələn il biz Xəzər regionunda ən iri beynəlxalq ticarət dəniz limanını istismara verəcəyik. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə böyük sərmayələr yatırır. Ölkəmizdən keçən hər iki marşrut Şərqdən Qərbə, Şimaldan Cənuba gedən ən qısa yollar olacaq.

Sonda bildirmək istərdim ki, ötən il biz müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd etdik. Azərbaycanın uğurlu inkişafı bir daha göstərir ki, yalnız azad və müstəqil olduqda, ölkənin taleyi öz xalqının əlində olduğu halda uğur əldə etmək olar. Azərbaycan xalqının ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz xalqımızın milli maraqlarına əsaslanan müstəqil siyasət aparan müstəqil ölkədə yaşayırıq”.

AzVision.az

Teqlər: İlham-Əliyev   Prezident   BMT