Erməni deputatların Bakıda təhlükəsizliyi təmin ediləcək

Erməni deputatların Bakıda təhlükəsizliyi təmin ediləcək
  21 Sentyabr 2017    Oxunub:3970
“Azərbaycana səfər edən istənilən deputatın təhlükəsizliyi təmin edilir”.

Bunu AzVision.az-a Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Fuad Muradov bu gün Bakıya gələcək erməni deputatların təhlükəsizliyi ilə bağlı açıqlanasında deyib.
Millət vəkili bildirib ki, ölkəmizə gələn qonaqların təhlükəsizliyi yüksək səviyyədə təmin olunur: “Ölkəmizdə təhlükəsizlik çox yüksək səviyyədədir. Qonaqların hamısının təhlükəsizliyi təmin olunur”.

Erməni KİV-lərinin yaydığı məlumata görə, “Avronest” Parlament Assambleyasının iclasında iştirak etmək üçün bu gün Azərbaycana səfər edəcək deputatlar Armen Aşotyan və Mane Tandilyanın təhlükəsizliyinə rəsmi Bakı zəmanət verib.

Qeyd edək ki, sabah Bakıda "Avronest" Parlament Assambleyasının iclası keçiriləcək. Tədbirdə Avropa Parlamentinin və "Avronest" Parlament Assambleyasına üzv ölkələrin deputatları, BMT-nin nümayəndələri, Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun Parlamentlərarası İttifaqının təmsilçiləri və beynəlxalq ekspertlər iştirak edəcəklər.

“III və V Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Şərq Tərəfdaşlığı Ölkələrində qadınların sağlamlığı və gender bərabərliyinin təşviqində parlamentlərin rolu” adlı toplantı Azərbaycan Milli Məclisi, "Avronest" PA-nın Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsi, BMT-nin Bakı Ofisi və Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun birgə təşkilatçılığı ilə baş tutacaq.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Avronest   Fuad-Muradov  





Xəbər lenti