BMT-də erməni mifi darmadağın edildi

  21 Sentyabr 2017    Oxunub : 1893
BMT-də erməni mifi darmadağın edildi

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxış edib. Prezident çıxışında diqqəti Dağlıq Qarabağ münaqişəsinə yönəldib. Bildirib ki, 25 ildən çoxdur Ermənistan işğalçılıq siyasətini davam etdirir.

“Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib.

Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı soyqırımı 10-dan artıq ölkə tərəfindən rəsmən tanınıb. 1992-ci il fevralın 26-da Ermənistan Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirərək, hərbi cinayət törədib. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırki prezidentidir”.

Ölkə başçısı BMT-dəki çıxışında diqqətə çatdırıb ki, aparıcı beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib.

İslam Əməkdaşlığı Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələri qəbul etmişlər. Ermənistan bu qərar və qətnamələri icra etmir. Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır”.

Prezident vurğulayıb ki, Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır. ATƏT-in Minsk qrupunun həmsədrləri - Fransa, Rusiya və ABŞ dəfələrlə bildirmişlər ki, status-kvo qəbuledilməzdir.

“Sual verilir: neçə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır.



Ötən ilin aprelində Ermənistan şəhər və kəndlərimizə hücum edərək, təmas xəttində növbəti hərbi cinayət törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, onların sırasında bir uşaq da var idi. Bundan əlavə, 26 mülki şəxs yaralandı. Yüzlərlə evlərimiz dağıdıldı.

Azərbaycan öz vətəndaşlarını müdafiə etməli oldu. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda - Ağdərə, FüzuliCəbrayılda bir neçə əraziləri azad etdi və öz bayrağını azad edilmiş ərazilərdə qaldırdı. Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq”.

Prezident İlham Əliyev, həmçinin Füzuli rayonunun Alıxanlı kəndində törədilən təxribatın qurbanı olan balaca Zəhranın və onun nənəsinin qətlə yetirilməsini hərbi cinayət kimi qiymətləndirib.

Azərbaycan prezidenti İlham Əliyevin BMT-dəki çıxışını AzVision.az-a şərh edən millət vəkili Elman Nəsirov bildirib ki, ölkə başçısı Ermənistan prezidenti Serj Sarkisyanı hərbi cani kimi beynəlxalq ictimaiyyətə təqdim etdi:
“Azərbaycan prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışının bir hissəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsi ilə bağlı idi. Bu çıxışda Ermənistanın təcavüzkar siyasəti və onun ağır nəticələri özündə ehtiva edirdi. Cənab prezident beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırdı ki, ölkəmizin 20 faiz torpağı işğal altındadır, 1 milyondan artıq məcburi köçkün və qaçqınımız var. Ermənistan silahlı qüvvələri Xocalıda dəhşətli cinayətə imza atıb, Xocalı soyqırımını həyata keçirib. Artıq 10-dan çox ölkə bu soyqırımı tanıyıb. Bu gün Ermənistana rəhbərlik edən şəxs Xocalı soyqırımını törədənlərdəndir. Yəni cənab prezident çıxışında Ermənistan prezidenti Serj Sarkisyanı hərbi cani kimi beynəlxalq ictimaiyyətə təqdim etdi. Bu, çox vacib bir məqamdır".

E.Nəsirov qeyd edib ki, prezident çıxışında münaqişənin həlli ilə bağlı prosesə toxunarkən, indiyə qədər problemin həll olunmamasının Ermənistana münasibətdə heç bir təzyiq və təsir mexanizmlərinin işə salınmamasından qaynaqlandığını vurğulayıb.

“Ölkə başçısı göstərdi ki, bu, birbaşa ikili standartların nəticəsidir. Eyni zamanda Ermənistanda belə bir illuziya yaranıb ki, o, cəzasız qala bilər və bundan sonra da öz cinayətlərini davam etdirə bilər. Bu, çox mühüm məsələlərdən birdii”.



Prezidentin çıxışında aprel döyüşlərinə toxunduğunu xatırladan millət vəkili bilidirib: “Cənab prezident çıxışında dedi ki, Ermənistan silahlı qüvvələri mülki əhalini hədəf alır. Aprel ayında 6 mülki vətəndaşımız qətlə yetirilmiş, 26-ı isə yaralanmışdı. Azərbaycan ordusunun əks hücumu nəticəsində onların layiqli cavabı verildi. Əgər Ermənistan silahlı qüvvələri yenə də belə təxribatlara əl atarlarsa, daha ağır cəzalandırlacaqlar. Cənab prezident BMT tribunasından öz mövqeyini bildirdi ki, aprel döyüşlərinə görə məsuliyyət Ermənistanın üzərinə düşür və belə təxribatlar olarsa, daha ağır formada cəzalandırılacaqlar. Ermənistan bundan dərs çıxarmalıdır.

Prezident çıxışında dedi ki, aprel döyüşlərindən sonra Ermənistan silahlı qüvvələrinin döyüş meydanlarında qalib gəlmək imkanları olmadığından onlar şəhərlərimizi, kəndlərimizi atəş altında saxlayırlar. İyul ayının 4-də Füzuli rayonunun Alxanlı kəndinə məqsədli hücum edən erməni silahlı qüvvələri 2 dinc sakini - 2 yaşlı Zəhra Quliyevanı və onun nənəsini qətlə yetirməsi, avqustun 7-də Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunda 13 yaşlı oğlan erməni əsgərləri tərəfindən yaralanması faktlarını BMT kürsüsündən beynəlxalq ictimaiyyətə çatdırdı. Ermənistan silahlı qüvvələri terrorçu davranış edərək mülki əhalini hədəf alırlar. Cənab prezident bu hadisələrə görə məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü qeyd etdi. Bildirdi ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllini istəyir. Əgər Ermənistan öz çirkin əməllərindən əl çəkməsə, Azərbaycan öz vətəndaşlarını hər zaman olduğu kimi qoruyacaq. Belə olan vəziyyətdə isə Ermənistanla münaqişənin hərbi yolla həll etmək hüququnu da özündə saxlayır. Buna beynəlxalq hüquq, BMT Nizamnaməsi imkan verir. Cənab prezident çıxışında Ermənistanın işğalçılıq siyasətinin bütün nüanslarını açdı və bəyan etdi ki, işğalçı ölkənin davranışına görə beynəlxalq ictimaiyyət məsuliyyət daşıyır. Çünki, cəzasız qalan Ermənistan növbəti cinayətlərə əl atır və bununla sülh prosesinə çox ciddi zərbə vurur”.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: Azərbaycan   İlham-Əliyev   ABŞ   BMT