Təhsil Nazirliyi Qəbələ və Oğuza mediatur təşkil edib - Fotolar

Təhsil Nazirliyi Qəbələ və Oğuza mediatur təşkil edib - Fotolar
  21 Sentyabr 2017    Oxunub:7997
Təhsil Nazirliyinin təşkilatçılığı ilə Qəbələ və Oğuz rayonlarına mediatur təşkil edilib.
AzVision.az xəbər verir ki, mediaturda 25-dən çox KİV nümayəndəsi və təhsil ekspertləri iştirak edib. Mediaturun məqsədi bu bölgələrdə inşa edilən modul tipli məktəblər haqqında media nümayəndələrinə məlumat vermək və onları həmin məktəblərlə tanış etmək olub.

Jurnalistlər əvvəlcə Qəbələ rayonunun Seyidqışlaq kənd ümumi orta məktəbində olublar. Məktəbin direktoru Səhrab Həşimov bildirib ki, 80 şagird yerlik məktəb 10 sinif otağı, 1 müəllimlər otağı, kitabxana və digər yardımçı otaqlardan ibarətdir. "Şagirdlərdən 45 nəfəri 1-4-cü siniflərdə, 35 nəfəri 5-9-cu siniflərdə oxuyur. Şagirdlərdən 28-i qız, qalanları isə oğlandır. Eyni zamanda məktəbdə dərs deyən müəllimlərin 5-i kişi, 15-i isə qadın müəllimdir".



Rayonda daha bir modul tipli məktəb Cığatelli kəndində istifadəyə verilib. 56 şagird yerlik ümumi orta məktəb 7 sinif otağı, 1 müəllimlər otağından ibarətdir.

Səfər çərçivəsində media nümayəndələri Qəbələ rayonunun Aydınqışlaq kəndində əsaslı təmir olunan yeni məktəb binasının açılış mərasiminə qatılıblar. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının müavini Ətayə Osmanova, rayon təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qəbələ rayon icra başçısının müavini Ətayə Osmanova isə qeyd edib ki, Qəbələ Respublikamızda inkişaf etmiş rayonlardandır və turizm mərkəzinə çevrilib. "Bu il rayonumuzda 2 kənddə- Seyidqışlaq və Çığatelli kəndlərində modul tipli məktəblər istifadəyə verilib. Aydınqışlaq kəndində isə böyük məktəbin əsaslı təmirdən sonra açılışı edilir. Bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm".

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov qeyd edib ki, son illərdə Azərbaycanın bütün məktəblərinin yenidən qurulması, əsaslı təmir edilməsi və inşa edilməsi geniş vüsət alıb. "Azərbaycanda yaxın vaxtlarda təmirsiz məktəb qalmayacaq. Aydınqışlaq kənd tam orta məktəbin həyəti, idman meydançası tamamilə yenidən qurulacaq. Cənab nazirin adından 5 ədəd noutbuk məktəbə hədiyyə edirik".



Məktəb direktoru Sevil Nəbiyeva məktəbin yüksək səviyyədə təmir olunduğunu qeyd edib.

"1978-ci ildə tikilən və bu il əsaslı təmir olunan məktəbdə 24 sinif otağı, 2 laboratoriya və müəllimlər otağı istifadəyə verilib. Təhsil ocağında 364 şagirdin təlim-tərbiyəsi ilə 52 müəllim məşğul olur".

Sonra media nümayəndələri Oğuz rayonunun Yemişənli kəndində istifadəyə verilən modul tipli məktəbə baş çəkiblər. 80 şagird yerlik məktəbdə 10 sinif otağı, kitabxana, müəllimlər otağı və 5 sanitar qovşaq istifadəyə verilib.



Məktəbin direktoru Muxtar Manıyev qeyd edib ki, köhnə məktəb binası 1969-cu ildə tikildiyi üçün artıq qəzalı halda idi. "Hazırda istifadəyə verilən modul tipli məktəbdə 73 şagird təhsil alır. Məktəb 9 illikdir. Şagird sayının az olduğu üçün 1-3 siniflər və 2-4 cü siniflər komplekləşdirilib. Təbii ki, bu siniflərdə şagirdlərin göstəriciləri aşağı olur. Məktəbimizdə siniflər üzrə vakansiyalar var. Kimya, bilogiya, fiziki tərbiyə, coğrafiya ixtisasları üzrə müəllimlərə ehriyac var. İmtahandan keçən müəllimlər təbii ki, burada işə dəvət olunacaq. İşləyən 18 müəllimdən 10-u isə qadındır".



Qeyd edək ki, ilin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur. Modul tipli məktəblər Balakən, Sabirabad, Şəki, Quba, Qusar, Neftçala, Kürdəmir, Ağdaş, İsmayıllı, Tovuz, Göygöl, Tərtər ,Göyçay, Qəbələ, Oğuz və digər rayonlarda inşa olunub. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarında istifadə edilir.













Aytən Zəhra
AzVision.az

Qalereya




Teqlər: Təhsil-Nazirliyi   Qəbələ   Oğuz   məktəb  





Xəbər lenti