Firudin Nəbiyev Xorvatiyada səfərdədir

  21 Sentyabr 2017    Oxunub : 564
Firudin Nəbiyev Xorvatiyada səfərdədir

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Xorvatiyaya səfər çərçivəsində bu ölkənin Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə görüşüb.

DMX-dən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Xorvatiya arasında münasibətlərin əhəmiyyəti qeyd edilib və hər iki ölkənin mövcud dostluq əlaqələrinin və əməkdaşlığın daha da yüksəlməsində və genişlənməsində maraqlı olduğu vurğulanıb, dövlət başçıları səviyyəsində mütəmadi görüşlərə toxunulub.

Görüşdə Firudin Nəbiyev Azərbaycanın miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanı olan DMX barədə məlumat verib. Qeyd edib ki, dünyada cərəyan edən qloballaşma fonunda Azərbaycan regionda gedən miqrasiya proseslərinə təsir etmək, ölkə ərazisinə olan miqrasiya axınlarını nəzarətdə saxlamaq və ölkə daxilində miqrasiya proseslərini yerli qanunvericiliyə uyğun idarə etmək və tənzimləmək üçün fəal miqrasiya siyasəti yeridir.
F.Nəbiyev deyib ki, Azərbaycan ilə Xorvatiya arasında indiyə kimi müxtəlif sahələri əhatə edən 20-yə yaxın ikitərəfli saziş imzalanıb. Bu gün miqrasiya sahəsində də belə bir əməkdaşlıq sazişinə ehtiyac var.

Bununla belə, 28 fevral 2014-cü ildə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş Brüssel şəhərində imzalanıb və 01 sentyabr 2014-cü ildə qüvvəyə minib. Eyni məzmunlu sazişlər İsveçrə, Norveç və Monteneqro Hökumətləri ilə də imzalanıb. Sazişlərə əsasən, 2014-cü ildən hazırkı dövrədək 324 nəfər Azərbaycan Respublikası vətəndaşı readmissiya olunub. Beynəlxalq tərəfdaşlarla birgə beynəlxalq layihələr çərçivəsində readmissiya olunmuş Azərbaycan vətəndaşlarının reinteqrasiyasına Xidmət tərəfindən önəm verilir.

Qeyd olunub ki, indiyə qədər Xorvatiyadan readmissiya olunan Azərbaycan vətəndaşı olmayıb.
Ermənistanın Azərbaycana təcavüzündən və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyindən söhbət açan F.Nəbiyev bildirib ki, Azərbaycanda Dövlət Miqrasiya Xidməti qaçqınlar (sığınacaq axtaranlar) haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını 2008-ci ildən mükəmməl şəkildə təmin edir. 2013-cü ildə Dövlət Miqrasiya Xidməti Avropa Komissiyası və BMT QAK tərəfindən birgə maliyyələşdirilən “Şərqi Avropada və Cənubi Qafqazda sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü” layihəsinə qoşularaq, layihə çərçivəsində keçirilən bütün tədbirlərdə fəal iştirak etmişdir.

Sonra Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında qüvvəyə minmiş readmissiya Sazişindən irəli gələrək, Xorvatiya Respublikası ilə sözügedən Sazişin İcra Protokolunun imzalanması məsələsi müzakirə olunub.

AzVision.az

Teqlər: DMX