Azərbaycan ilk dəfə “SpGH DANA” və “Vampir”dən istifadə etdi - VİDEO

Azərbaycan ilk dəfə “SpGH DANA” və “Vampir”dən istifadə etdi - VİDEO
  22 Sentyabr 2017    Oxunub:25105
Bu gün Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin döyüş atışlı əsas mərhələsi icra olunub.
AzVision.az-ın məlumatına görə, təlimlərdə Çexiyadan yeni alınan 152 mm çaplı “SpGH DANA” özüyeriyən haubitsalarından və RM-70 “Vampir” yaylım atəşli reaktiv sistemlərindən ilk dəfə istifadə edilib.

Qeyd edək ki, “Dana” özüyeriyən haubitsalar və RM-70 reaktiv sistemləri 2016-2017-ci illərdə alınıb. Özüyeriyən toplar müasir atış-kontrol sistemi ilə təchiz olunub. “Dana” 8×8 konfiqurasiyalı “Tatra” şassisində yerləşir. Artilleriya kompleksinin maksimum sürəti 80 km/saat, gediş ehtiyatı 600 km, atış uzaqlığı 28 km, heyəti 4, yaxud 5 nəfərdir.



Maşının əsas silahı 5580 mm uzunluğunda 152 mm 37 kalibr top, yardımçı silahı 12.7 mm çaplı pulemyotdur. Top -4°-dən +70°-dək bucaq altında hündürlüyə atəş açmaq qabiliyyətinə sahibdir. Topun atış tempi dəqiqədə yarıavtomat rejimdə 4, əllə doldurulduqda 2 mərmidir.



122 mm çaplı RM-70 “Vampir” “Tatra T-813” şassisi üzərində yerləşir. RM-70 “Vampir” 2,5 dəqiqədən az müddətdə atəşə hazır ola və 3 dəqiqə ərzində döyüş mövqeyini tərk edə bilər. Sistem 30 saniyədən az müddətdə 40 raket buraxır.

“Vampir”in əsas özəlliklərindən biri də döyüşə hazır olan 40 raketlə bərabər maşın üzərində əlavə 40 raket blokunun da olmasıdır. Bu sayədə bir sistem vaxt itirmədən qısa müddətdə 80 raketin atışını həyata keçirir. Çexiya istehsalı olan raketlərlə “Vampir” 20381 metr məsafəyə atəş açır və maşın bir buraxılışda 3.5 hektar ərazini məhv edir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Təlim  





Xəbər lenti