Bakıda erməni deputatların iştirakı ilə konfrans keçirilir - YENİLƏNİB

Bakıda erməni deputatların iştirakı ilə konfrans keçirilir - YENİLƏNİB
  22 Sentyabr 2017    Oxunub:6230
"Azərbaycan gender bərabərliyi və qadın sağlamlığı ilə bağlı bir sıra uğurlara imza atıb. Lakin bununla bağlı bəzi narahetedici məsələlər var. Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə bu cür məsələlərin daha da inkişaf etməsinin qarşısını alır"
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Fuad Muradov Milli Məclisdə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda keçirilən konfransda deyib.

F.Muradov bildirib ki, dünyanın bir sıra ölkələrində müharibələr, torpaqların işğal edilməsi iqtisadiyyata ağır zərbə vurur: “Ermənistan 25 ildən artıqdır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır. 20 faiz torpağımız işğal altındadır, 1 milyondan çox insanı isə qaçqın düşüb. Bunların 52 faizini qadın, 5 faizini isə uşaqlar təşkil edir”.

***
(10:40)

Bakıda “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda konfrans öz işinə başlayıb.

AzVision.az xəbər verir ki, Milli Məclisdə keçirilən tədbirdə Avropa Parlamentinin və "Avronest" Parlament Assambleyasına üzv ölkələrin deputatları, BMT-nin nümayəndələri, Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun Parlamentlərarası İttifaqının təmsilçiləri və beynəlxalq ekspertlər iştirak edirlər.

Tədbir Azərbaycan Respublikasının Milli Məclisi, Avronest Parlament Assambleyasının Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyətləri üzrə komitəsi, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun və Birləşmiş Təşkilatinin Azərbaycandakı ofisi tərəfindən təşkil olunub.

Qeyd edək ki, Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan və Armen Aşotyanın köməkçisi Aram Barseğyan da tədbirdə iştirak edirlər.

Aytən Zəhra
AzVision.az


Teqlər: Milli-Məclis   Avronest  





Xəbər lenti