Azad Rəhimov Belarus TV-lərinə müsahibə verib

  22 Sentyabr 2017    Oxunub : 1101
Azad Rəhimov Belarus TV-lərinə müsahibə verib

Azərbaycan idmançılarının Rio-2016 Olimpiya oyunlarında 18 medal qazanmalarında Avropa oyunlarının böyük dəstəyi oldu.

Gənclər və İdman Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bunu Minsk 2019 II Avropa Oyunları Koordinasiya Komissiyasının iclasında iştirak etmək və oyunlara hazırlıq prosesi ilə yaxından tanış olmaq məqsədi ilə sentyabrın 21-dən Belarusda rəsmi səfərdə olan Azərbaycanın gənclər və idman naziri, Minsk 2019 Avropa Oyunları Koordinasiya Komissiyasının üzvü Azad Rəhimov yerli TVR.BY və CTV.BY kanallarına müsahibəsində deyib.

Nazir bildirib ki, bu səpkili mötəbər yarışlara hazırlıq prosesi çərçivəsində baş tutan koordinasiya komissiyasının iclasının çox böyük əhəmiyyət daşıdığını vurğulayıb və bildirib ki, bu gün buraya dünyanın müxtəlif ölkələrindən Olimpiya, Avropa oyunları, Dünya çempionatlarında çox böyük təcrübəsi olan mütəxəssislər gəlib.

O qeyd edib: “Təbii ki, Koordinasiya Komissiyasının burada əsas məqsədi Minsk 2019 II Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində Belarusa yardım göstərilməsidir. Digər bir məqsəd isə, Minskə gələcək turist sayının artırılmasıdır. Yarışlar haqqında məlumatlarla bərabər, eyni zamanda, ölkənin mədəniyyəti, adət ənənələri, musiqisi və tarixi haqqında xəbərlər dolğun və peşəkar şəkildə media vasitəsi ilə ictimaiyyətə ötürülərsə, məqsədə nail olmaq olar. Siz bunu mütləq etməlisiniz. Çünki Belarus gözəl bir ölkədir və biz bu ölkəni sevən çoxsaylı turistlərin burada olmasını çox arzu edirik”.

A.Rəhimov xüsusi olaraq vurğulayıb ki, I Avropa oyunları zamanı Azərbaycan idmançılarının atletlər kəndində yaşamaları, onların bu mühit ilə yaxından tanış olmaları, eyni zamanda, idman yarışlarında çox güclü rəqibləri ilə mübarizə aparmaları, Rio 2016 Yay Olimpiya oyunlarına psixoloji, fiziki və mənəvi cəhətdən hazır olmaları üçün birbaşa zəmin yaradıb: “Mən Azərbaycan idmançılarının Rio 2016 Olimpiya oyunlarından vətənə 18 medalla qayıtmasını birbaşa onların bir çoxunun Atletlər kəndində yaşamaları, bu mühit ilə yaxından tanış olmaları, Avropa oyunlarında gərgin keçən mübarizə şəraitində qüvvələrini sınamaları ilə bağlayıram”.

Minsk 2019 II Avropa Oyunlarına hazırlıq məqsədi ilə müxtəlif mövzuların müzakirəsinin aparıldığı Koordinasiya Komissiyasının iclasında koordinasiya komissiyasının üzvü, nazir A.Rəhimov Azərbaycanın mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etməsindən və bununla da, kifayət qədər bilik və təcrübəyə malik peşəkar gənc nəslin yetişməsindən danışaraq, 2019-cu il üçün Azərbaycanın kadr potensialından da yararlanmağın mümkünlüyünü təklif olaraq irəli sürüb.

Qeyd edək ki, 2019-cu ildə Minskdə baş tutacaq II Avropa Oyunlarına 50 ölkədən 4000 idmançı qatılaraq, 15 idman növündə, 12 idman arenasında mübarizə aparacaqlar.

AzVision.az

Teqlər: Azad-Rəhimov