Milli Şuranın mitinqi boykot edildi

Milli Şuranın mitinqi boykot edildi
  23 Sentyabr 2017    Oxunub:10745
Bu gün Milli Şura növbəti mitinqini keçirəcək. Müxtəlif yollarla insanları mitinqə cəlb etməyə çalışan radikal təşkilata AXCP-dən başqa heç bir siyasi partiya dəstək vermir.

AzVision.az-ın müxalif siyasi partiyalar arasında apardığı sorğu göstərir ki, Milli Şuranın mitinqi tamamilə boykot edilib.
Müsavat Partiyasından verilən məlumatda bildirilir ki, mitinqin təşkilatçıları onlara müraciət etməyib. Buna görə də Müsavatın Milli Şuranın mitinqinə qatılmaqla bağlı qərarı yoxdur.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) rəhbərliyi də mitinqdə iştirak etməyəcək: "Milli Şura bunu ümumxalq mitinqi elan edirsə, bu barədə siyasi partiyalara iştirakla bağlı müraciət ünvanlamalıdır. Bizə belə müraciət daxil olmayıb".

Vətəndaş və İnkişaf Partiyası da Milli Şuranın mitinqini boykot edib: "Mitinqdə iştirak etmək niyətimiz yoxdur. Bu, həmin qurumun daxili tədbiridir. Biz başqa qurumların təşkil etdiyi tədbirlərə qatılmırıq".

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) "Məhsul" stadionunda keçiriləcək mitinqə qatılmayanlar sırasındadır.

Açıq Cəmiyyət Partiyasından saytımıza verilən məlumatda qeyd olunur ki, Milli Şuranın mitinqi onları maraqlanmırdır.

Qeyd edək ki, Milli Şuranın mitinqi boykot edən partiyalar vaxtilə bu quruma üzv olublar.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər: Milli-Şura   Mitinq  





Xəbər lenti