Bakı kəndlərində qızlar məktəbə getmir? - Rəsmi açıqlama

  25 Sentyabr 2017    Oxunub : 1882
Bakı kəndlərində qızlar məktəbə getmir? - Rəsmi açıqlama

Bu yaxınlarda millət vəkili Gövhər Baxşəliyeva Bakı kəndlərində qızların təhsildən yayındırılması, erkən yaşlarında ərə verilməsi ilə bağlı Milli Məclisin komitə iclasında məsələ qaldırıb. Deputat qeyd edib ki, qızların təhsildən uzaqlaşdırılmasında valideynlər məsuliyyət daşıyır.

Millət vəkili ucqar kəndlərlə müqayisədə bu tendensiyasının Bakı kəndlərində sürətli yayıldığını diqqətə çatdırıb.

“Bunun səbəbini soruşduqda cavab olaraq “əgər biz qızı məktəbə göndərsək, kənd camaatı bizi qınayar” deyirlər. Biz bu streotipi ləğv etməliyik. Bununla razılaşmaq olmaz. Bütün klassiklər ilk növbədə anaların savadlı olmasını vurğulayıb. Əgər biz gələcək üçün yüksək təhsilli nəsil haqqında danışırıqsa, ilk növbədə yeni nəsil təhsil almalıdır. Bu gün qarşılaşdığımız problemlər, eləcə də Nardarandakı problemlər belə hadisələrlə bağlıdır”.

Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) millət vəkilinin çıxışına münasibət bildirilib.

BŞTİ AzVision.az-ın sorğusuna cavab olaraq deyilib ki, deputatın qeyd etdiyi məsələ ilə bağlı paytaxtın ümumi təhsil müəssisələrində elə bir ciddi problem qeydə alınmayıb.

"Belə hallara təsadüf olunduğu təqdirdə məktəb direktorları, müəllimlər və psixoloqlar valideyn və şagirdlərlə söhbətlər aparır, məsələnin həlli üçün müvafiq vasitələrdən istifadə edirlər.

Bu məsələdə ümumi yanaşma ondan ibarətdir ki, hər bir şagird dövlətin yaratdığı təhsil imkanlarından səmərəli şəkildə yararlanmalıdır. Sevindirici haldır ki, qızların təhsilinə də cəmiyyətimizdə olan həssas münasibət vaxtaşırı bu məsələ ətrafında müzakirələrin aparılmasına səbəb olur. Bu da çox təbii qarşılanmalıdır. Çünki gələcəyin təhsilli, savadlı anası cəmiyyətimizə, dövlətimizə lazımlı övladlar yetişdirir. Bu, millətimizin daha xoşbəxt gələcəyi baxımından önəmli məsələdir".

Məlumatda bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tədris ili boyunca məktəblərdə şagirdlərin dərsə davamiyyət məsələsini davamlı olaraq izləyir və vaxtaşırı keçirilən monitorinqlər vasitəsilə məsələni diqqət mərkəzində saxlayır.

Aytən Zəhra
AzVision.az

Teqlər: