Səyyar ASAN xidmət Şirvan və Xırdalanda

Səyyar ASAN xidmət Şirvan və Xırdalanda
  25 Sentyabr 2017    Oxunub:1848
Səyyar ASAN xidmət 25 sentyabr-24 oktyabr tarixlərində Şirvan və Xırdalan şəhərlərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
ASAN-dan AzVision.az-a verilən məlumata görə, bundan başqa səyyar avtobuslar isə 6 sentyabr-5 oktyabr Şamaxı, Lənkəran, Quba, Mingəçevir, Dəliməmmədli şəhərlərində, 12-26 sentyabr Xəzər rayonunun Binə qəsəbəsində, 19 sentyabr-5 oktyabr Goranboy şəhərində vətəndaşların xidmətində olacaqlar.

Səyyar şəkildə göstərilən xidmətləri Ədliyyə və Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

AzVision.az


Teqlər: Səyyar-ASAN   ASAN-xidmət  





Xəbər lenti