Türkiyə bu sahədə milyardlar qazanır, biz isə... - Tibbi turizm problemi

Türkiyə bu sahədə milyardlar qazanır, biz isə... - Tibbi turizm problemi
  26 Sentyabr 2017    Oxunub:10385
Son illər ölkəmizdə ənənəvi turizmlə yanaşı, alternativ, xüsusilə tibbi turizmin inkişaf etdirilməsi üçün müəyyən addımlar atılır. Qonşu Türkiyə tibbi turizmin inkişafı nəticəsində keçən il 746 min xəstəyə xidmət edərək 5,6 milyard dollarlıq gəlir əldə edib. Bu il gəlirin 7 milyard dollar hədəfi keçəcəyi, 2018-ci ildə isə hədəfin 800 min xəstəylə 7,5 milyard olması nəzərdə tutulur.
Nəzərə alsaq ki, Azərbaycanın müalicəvi təbii ehtiyatlar kifayət qədər genişdir. Naftalan nefti, Naxçıvan Duz dağını buna nümunə göstərmək olar. Təəssüf ki, hələ də alternativ turizm imkanlarını dünya səviyyəsində tanıda bilməmişik.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev AzVision.az-a bildirib ki, Azərbaycanda tibbi turizmin inkişafı üçün imkanlar olsa da, bu sahədə nailiyyətlər azdır.



“Hər regionun, hər ölkənin iqlim, relyef xüsusiyyəti var. Bütün bunlar turizmə təsir edən amillərdir. Tibbi turizmlə bağlı iki faktor çox önəmlidir- təbii faktor, təbii tibbi müalicə üsullarının olması və bütövlükdə tibbi, müasir texnologiyanın inkişafı. Həmçinin qiymətlərin digər ölkələrlə müqayisədə ucuz olması da önəmlidir. Tibbi turizmdən və gəlir götürməkdən danışırıqsa, ən böyük imkanımız Naftalan nefti və kurortudur. Qalan şeylərdə o qədər imkanımız yoxdur. Çox təəssüf ki, Kəlbəcərimiz işğal altındadır və Kəlbəcərin isti suyunun potensialından istifadə edə bilmirik. Naxçıvan duz dağını da qeyd edə bilərik. Naxçıvan blokadadır və yalnız hava yolu ilə əlaqə mövcuddur. Müxtəlif ölkələrdən ora gəlmək sərfəli deyil və xarici turistlər üçün cəlbedici görsənmir. Ona görə də bizim ən uyğun variantımız Naftalan neftini inkişaf etdirmək və potensialından istifadə etməkdir. Bu barədə kifayət qədər işlər görülüb. Həm hüquqi baza yaradılıb, həm də kurortlar haqqında qanun qəbul edilib. Naftalan kurortunun inkişafı ilə bağlı prezidentin sərəncamı var. Bundan əlavə kurortologiya ilə bağlı Dövlət Proqramı qəbul edilib. Naftalanda son illər çox böyük işlər görülüb, yüksək tələblərə cavab verən müasir sanatoriya-kurort müəssisələri tikilib”.



Deputat hesab edir ki, Naftalan neftinin dünyaya tanıdılması, onun müalicəvi əhəmiyyəti, tibbi turizmdə inkişafı ilə bağlı reklam işləri kifayət qədər deyil.

“MDB məkanında SSRİ zamanından Naftalan neftini tanıyan, burada olanların övladları, sonrakı nəsilləri məmnuniyyətlə gəlirlər. Lakin digər ölkələrdən gələnlər azdır. Bu, reklam işlərinin zəif olması ilə əlaqədardır. Həmçinin qiymətlərin də kifayət qədər uyğun olmaması da buna mənfi təsir göstəririr. Təbliğat aparmaq və qiymətləri sərfəli etmək tibbi turizmin inkişafına müsbət təsir göstərir”.



M.Quliyev bildirib ki, təbii faktorlardan başqa Azərbaycana yaxın ölkələrdən müalicə və ya əməliyyat üçün gələnlər yoxdur. “Bu işlər təəssüflər olsun ki, qurulmayıb. Hesab edirəm ki, transplantasiya, orqan köçürülməsi sahəsində uğur əldə edə bilərdik. Bizim kifayət qədər kadr potensialımız, müasir texnologiyamız var. Yaxın ölkələr, Şimali Qafqaz, Dağıstan, Orta Asiya ölkələrindən xəstələri qəbul edə bilərik. Bu sahədə gərək Səhiyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, özəl qurumlar düşünsün. Bununla da tibbi turizmdə inkişafa nail olmaq və gəlir əldə etmək olar”.



Azərbaycan Turizm Assosasiyasının sədri Nahid Bağırov isə bildirib ki, tibbi turizmin inkişafı üçün son illər böyük işlər görülüb. “Bu gün Naftalan şəhərində olan otellərin 60-70 faizi xarici turistlərlə dolub. İmkanlarımız çoxdur. Naftalan nefti, Qalaaltı, Naxçıvanda mükəmməl duz dağ kompleksimiz var. Azərbaycana gələn ənənəvi turistlərin sayında artım olduğu kimi sağlamlıq məqsədilə ölkəmizə gələn turistlərin sayında da artım var. Naftalanda, Qalaaltıda otellərimiz doludur”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Turizm  





Xəbər lenti